"Neftin bahalaşması Azərbaycan üçün risklər yarada bilər" - İQTİSADÇI
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. “Azeri Light”ın bir bareli əvvəlki göstərici ilə müqayisədə 0,41 dollar bahalaşıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, neftin 95 dollardan yuxarı qalxmasının səbəbi, Yaxın Şərq və regionda artan gərginlikdir:
"ABŞ-nin bu gərginlikdə iştirakı, regionda mövcud hərbi-siyasi problemlər və ümumi vəziyyət neft bazarına ciddi təsir göstərir. Yaxın Şərqdən neftin daşınmasında yaranan əngəllər, xüsusilə, Hörmüz boğazının bağlanması ehtimalı neft təklifinin azalmasına səbəb olur. Həm geosiyasi risklər, həm də Hörmüz boğazı ilə bağlı vəziyyət nəticəsində neftin qiyməti yüksəlir. Azərbaycan nefti də dünya bazarına daha baha qiymətə çıxarılır".
Ekspert bunun Azərbaycan büdcəsinə və ölkənin gəlirlərinə təsirlərindən danışıb:
"SOCAR və Dövlət Neft Fondunda toplanan gəlirlər artır. Ölkəyə iki cür təsiri var. Bir tərəfdən neft gəlirlərindən ödənilən vergilər artır. Digər tərəfdən isə neftin qiymətinin dünyada bahalaşması qlobal inflyasiya yaradır və müəyyən məhsulların qiymətinin yüksəlməsinə səbəb olur. Əgər həmin məhsullar xaricdən alınırsa, onların qiymətinin artması Azərbaycana da təsir göstərir. Əhali müəyyən mənada uduzur, çünki istehlak malları alır və həmin malların qiymətləri artır".
İqtisadçının sözlərinə görə, neftin daha da bahalaşması Azərbaycan üçün risklər yarada bilər:
"İnflyasiya riski var. Neftin qiyməti qalxdıqca, qlobal miqyasda qiymətlər artır və bu, Azərbaycanda da xərclərin yüksəlməsinə səbəb olur. Həm büdcə xərcləri, həm də əhalinin xərcləri artır. Bununla yanaşı, əsas strateji risk uzun müddətdir neft gəlirlərindən asılılığımız və qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsidir. Neft ucuz olanda daha az, bahalı olanda isə daha çox satmaq lazımdır ki, məhdud hasilatdan maksimum gəlir əldə edək".
Selcan Xudiyeva