Nepal–Çin sərhədində sel fəlakəti: 1 ölü, 28 itkin
Çin və Nepal arasındakı Himalay dağlarında yerləşən vadidə güclü yağışların səbəb olduğu sel nəticəsində 1 nəfər həlak olub, 28 nəfər isə itkin düşüb.
Çin–Nepal sərhədində baş verən güclü yağışlardan sonra iki ölkə arasından axan Bhote Kosi çayı daşaraq ətraf ərazilərə ziyan vurub. Ölkələri birləşdirən “Dostluq Körpüsü” dağılaraq sıradan çıxıb. Sərhəd ərazisindəki bəzi evlər, eləcə də gömrük nəzarəti üçün dayanan çoxlu sayda nəqliyyat vasitəsi sel sularında sürüklənib.
Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Olunması Təşkilatının verdiyi açıqlamada, Himalay vadisində baş verən sel nəticəsində Nepal ərazisində 1 nəfərin həyatını itirdiyi, 11-i Nepal vətəndaşı, 6-sı isə çinli olmaqla ümumilikdə 17 nəfərin itkin düşdüyü bildirilib. Çin dövlət televiziyası isə öz ərazisində 11 nəfərin itkin düşdüyünü açıqlayıb.
Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, iyun-sentyabr aylarını əhatə edən musson mövsümündə Cənubi Asiyada tez-tez ölümcül daşqınlar və torpaq sürüşmələri baş verir. Lakin mütəxəssislər iqlim dəyişikliyinin bu fəlakətlərin təsirini daha da artırdığını bildirirlər.
Haber Global
Nuray Əliyeva