Netanyahu müharibəni davam etdirəcək
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada döyüşlərin yaxın vaxtlarda bitə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, HƏMAS silahı yerə qoysa və girovları azad etsə, müharibə dərhal başa çata bilər. Lakin Netanyahu həm də bildirib ki, İsrail hər bir halda yerdə qalan terrorçuları məhv etmək niyyətindədir.
Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, Netanyahunun bu açıqlaması daha çox siyasi məqsədlərə xidmət edir:
“Netanyahu hakimiyyətdə qalmaq üçün savaşları davam etdirməlidir. İstər Qəzza zolağında dayansa, Livan istiqamətində, Suriya istiqamətində – yəni savaşların dayanması Netanyahunun siyasi karyerasının sonu olacaq, çünki onun üzərində məhkəmə işləri var. Ona görə də indiki İsrail hakimiyyəti, başda Netanyahu olmaqla, daimi bir səbəb axtarmalıdır ki, müharibəni davam etdirsin. Qəzza zolağında hansı şərtlər irəli sürülsə də, vasitəçilər sülhə nail olmaq istəsələr də, HƏMAS istənilən güzəştə getsə də, yenə də Netanyahu yeni tələblər qoyacaq ki, savaş davam etsin”.
Solmaz Muradova