Netanyahu Qəzza zolağının hərbi nəzarətə alınmasını dəstəkləyir
İsrailin Təhlükəsizlik Kabineti baş nazir Binyamin Netanyahunun Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması təklifini dəstəkləyib.
Mövzu ilə bağlı politoloq Elman Telmanoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Qəzza zolağının tamamilə hərbi nəzarət altına alınması bölgədəki humanitar böhranı daha da dərinləşdirəcək:
"İndiyədək blokada, məhdud ərzaq və dərman təminatı, enerji çatışmazlığı kimi problemlərlə üz-üzə olan əhali, hərbi əməliyyatların intensivləşməsi ilə kütləvi məcburi köç, infrastrukturun dağıdılması və səhiyyə sisteminin iflic olması təhlükəsi ilə qarşılaşacaq. Bu addım Qəzzanı faktiki olaraq yaşayış üçün yararsız hala gətirə bilər və beynəlxalq humanitar təşkilatların giriş imkanlarını da məhdudlaşdıra bilər. İsraildə son aylarda keçirilən etiraz aksiyaları əsasən daxili siyasi böhran, hökumət islahatları və təhlükəsizlik siyasəti ətrafında cəmlənsə də, Qəzza ilə bağlı qərarların qəbulunda ictimai təzyiq amili nəzərə alınır. Lakin hərbi təhlükəsizlik məsələlərində Netanyahu hökuməti adətən sərt mövqeyini qoruyur və daxili etirazlardan çox, ordunun və təhlükəsizlik qurumlarının tövsiyələrinə üstünlük verir. Buna görə də, aksiyaların bu qərara ciddi təsir ehtimalı məhduddur, amma uzunmüddətli perspektivdə daxili narazılıq hökumətin manevr imkanlarını daralda bilər".
O, əlavə olaraq, bildirib ki,
kütləvi əhali köçürülməsi beynəlxalq hüquq baxımından ciddi mübahisələr doğuracaq:
"BMT-nin 1949-cu il Cenevrə Konvensiyaları və beynəlxalq humanitar hüquq normalarına görə, işğal olunmuş ərazilərdə mülki əhalinin zorla köçürülməsi qadağandır və bu, “məcburi deportasiya” kimi qiymətləndirilə bilər. Bu addım İsrailin beynəlxalq arenada tənqidini artıracaq, Haaqa Beynəlxalq Cinayət Məhkəməsində iddiaların gündəmə gəlməsinə yol aça bilər. Eyni zamanda, belə bir köçürülmə bölgədə yeni qaçqın dalğası yaradaraq regional sabitliyi də təhdid edəcək".
Billurə Quliyeva