Netanyahu: Qəzzada müharibə bitmək üzrədir
İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzzada müharibə sona yaxınlaşır və sülh üçün müəyyən tapşırıqlar yerinə yetirilməlidir. O, “Hizbullah” və husilərin ağır zərbələr aldığını, İsrailin isə ABŞ-nin İrandan qoruduğunu deyib. Bu arada Misirdə HƏMAS və vasitəçilər arasında Trampın təklifinə əsaslanan danışıqlar davam edir.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında qeyd edib ki, Trampın sülh planının 20 maddədən ibarət olduğunu açıqlayıb: ilk əvvəl girovların qaytarılması nəzərdə tutulub, sonra qarşılıqlı olaraq fələstinlilərin İsrail türmələrindən buraxılmasına dair iddialar var idi:
“Bu baş verdikdən sonra İsrail ordusunun tədricən Qəzzadan geri çəkilməsi məsələsi, bura yardımların göndərilməsi var. Yəni Tramp müharibəni dayandırmaq, İsrailin hərbi qüvvələrini Qəzzadan çıxarmaq və gələcəkdə Qəzzaya daha çox özünün nəzarət edəcəyi idarəetmə gətirmək qərarındadır. HƏMAS-ın isə bu proseslərdən ayrılması nəzərdə tutulub. Qəzzanın gələcəkdə bərpa olunması, müasir infrastrukturların qurulması, tikilməsi, qəzzalıların burada yaşaması və s. məsələlər planlaşdırılır. HƏMAS Trampın planı ilə razılaşıb, amma müəyyən şərtlərlə. İndi hal-hazırda Misirdə bu məsələlər həll olunur. Yəni ehtimal var ki, əvvəl-axır razılıq əldə olunsun və HƏMAS girovları qaytarsın, bundan sonra İsrailin savaşı dayandırması, Qəzzadan geri çəkilməsi – bir sözlə, atəşkəsin imzalanması baş tutsun”.
Politoloqun sözlərinə görə, burada Netanyahunun da öz planları, HƏMAS-ın da təklifləri var:
“HƏMAS-ın müəyyən şərtləri var. HƏMAS girovları qaytarmağa razıdır, amma müəyyən təhlükəsizlik təminatı istəyir. HƏMAS-ı narahat edən odur ki, girovlar qaytarılandan sonra İsrail yenə hücum edə bilər, Qəzzanı və ya HƏMAS-ı yenidən vura bilər. Yəni HƏMAS girovlara özünün təhlükəsizlik çətiri kimi baxır. Amma bütün hallarda HƏMAS-ın gələcəkdə idarəetmədə olmaması məsələsi var. HƏMAS buna nə qədər razı olacaq, yəqin ki, danışıqların nəticəsində görəcəyik. İsrailin Amerikanı İrandan qoruması məsələsinə gəldikdə, bu maraqlı məsələdir. İsrail Amerikanın maraqlarını qoruyur. İranın 12 günlük savaşda zəiflədilməsini nəzərdə tuta bilər. İranın yetərincə hərbi gücü var və bu gücü ilə Rusiya və Çinə kömək etməklə Amerikanın müəyyən maraqlarına zərbə vura bilər”.
Mələk Hüseynova