Netanyahudan qalmaqallı “soyqırımı” bəyanatı
İsrail Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı”nı tanıdığını bildirməsi Türkiyə ilə İsrail arasında diplomatik gərginliyi artırıb. Bu bəyanat rəsmi dövlət qərarına əsaslanmır və bölgədə siyasi gərginliyi dərinləşdirə bilər. Azərbaycan isə bu vəziyyətdə balanslı xarici siyasətini qorumağa çalışır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu XX əsrin əvvəllərində Osmanlı imperiyası tərəfindən törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan edib:
"O, Patrik Bet-Davidin podkastında “Niyə İsrail ‘erməni soyqırımı’nı tanımır” sualına cavab olaraq “məncə, tanıyıblar. Düşünürəm ki, Knesset bununla bağlı qətnamə qəbul edib” deyib. Daha sonra isə “Mən bunu indi etdim” sözləri ilə şəxsi mövqeyini ifadə edib. Halbuki indiyədək İsrail parlamenti – Knesset bu barədə heç bir sənəd qəbul etməyib. Netanyahunun açıqlaması dövlətin rəsmi qərarı yox, şəxsi bəyanatı hesab olunur.
Ankara açıqlamaya dərhal münasibət bildirib. Türkiyə Xarici İşlər Nazirliyi Netanyahunun sözlərini rədd edərək, bəyanatı diplomatik təxribat və siyasi məqsədli manipulyasiya adlandırıb.
Ekspertlərə görə, Netanyahunun qondarma “soyqırımı” tanıdığını deməsi, son aylarda Türkiyə–İsrail münasibətlərində artan gərginliklə bağlıdır. Xüsusən də Qəzza əməliyyatlarına görə Prezident Rəcəb Tayyib Ərdoğanın Netanyahunu “terrorçu” adlandırması və İsraili insanlığa qarşı cinayətlərdə ittiham etməsi Təl-Əvivdə narazılıq yaradıb".
Ekspert əlavə edib ki, hadisə Bakı üçün də çətin vəziyyət formalaşdıra bilər:
"Azərbaycan İsraillə hərbi-texniki əməkdaşlıq və kəşfiyyat sahəsində sıx tərəfdaşlıq edir. Lakin Ermənistanla bağlı həssas mövzuda Netanyahunun açıqlaması Azərbaycan ictimaiyyətində narahatlıq doğurur. Rəsmi Bakı hələlik reaksiyasız qalsa da, ekspertlər bunun münasibətlərdə ehtiyatlılıq yaradacağını bildirirlər.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türkiyə–İsrail münasibətlərinin indiyədək ən gərgin mərhələdə olduğunu vurğulayıb. Analitiklərin fikrincə, əgər İsrail parlamenti də “soyqırımı” tanıyan qərar qəbul etsə, Bakı–Təl-Əviv münasibətlərində ciddi soyuqluq yarana bilər.
Müşahidəçilər hesab edir ki, Azərbaycan münasibətlərin daha da kəskinləşməsinə imkan verməyəcək. Bakı ənənəvi olaraq ictimaiyyətə açıqlanmayan pərdəarxası diplomatik səylərlə balansı qorumağa çalışa bilər".
Türkan Kərimli