Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib
Niderlandda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü böyük təntənə ilə qeyd edilib. Bu münasibətlə Haaqa şəhərində yerləşən “Theater de Vaillant” teatrının səhnəsində Azərbaycan musiqisinin incisi – “Leyli və Məcnun” operası nümayiş olunub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Niderlanddakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşib.
Rəsmi hissədə Azərbaycanın dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixindəki rolu, o cümlədən Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində yaratdığı nadir sənət inciləri və Azərbaycan musiqisini dünyada tanıtması, azərbaycançılıq məfkurəsinə dəyərli töhfələri barədə danışıb. Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada anadan olduğunu deyən diplomat yubiley tədbirlərinin məhz azad edilən Şuşa və Qarabağda keçirilməsinin mühüm tarixi və mənəvi əhəmiyyət daşıdığını və həm dahi bəstəkarın ruhuna ehtiram, həm də qayıdışımızın rəmzi olduğunu deyib.