Nikol Paşinyan Azərbaycana gəlmək istəyir - ŞƏRH
Ermənistan baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana gəlmək niyyətindədir. Hökumət rəhbəri bu ehtimal edilən səfəri Avropa Siyasi Birliyinin (ASB) gələcək sammitinə qatılmaq məqsədilə həyata keçirmək istədiyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, Baxmayaraq ki, COP29 ərəfəsində də Azərbaycanla Ermənistan arasında Azərbaycan təklifi əsasında beş baza prinsipə söykənən sülh danışıqları aparılırdı və o zaman Azərbaycanın Ermənistan nümayəndə heyətini Bakıya dəvət etməsinə baxmayaraq, Ermənistan bu mötəbər tədbirdə iştirak etmədi:
"Azərbaycan Prezidentinin isə dünən Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin forumuna onlayn qatılması bir daha onu göstərdi ki, Azərbaycan Ermənistanla aparılan sülh danışıqlarının təkcə tərəfi deyil, həm də hərəkətvericisidir, yönvericisidir və daha çox qarşılıqlı əməkdaşlıq üçün situasiyanı yaradan tərəf Azərbaycandır. Bunu əminliklə söyləyə bilərik. Dünənki forumda Azərbaycan lideri səviyyəsində onlayn qatılım olsun, istərsə də bundan əvvəl birtərəfli qaydada Ermənistana tətbiq olunan nəqliyyat embarqosunun götürülməsi və Azərbaycan neft məhsullarının Ermənistana göndərilməsi bunu deməyə əsas verir. Belə qənaətə gəlmək olar ki, Azərbaycan təkcə beş baza prinsipi əsasında aparılan və 25-ci ilin 8 avqustunda Vaşinqtonda əldə edilən sülh razılaşmasının təşəbbüskarı deyil, həm də bundan sonrakı proseslərin əsas yönvericisi və hərəkətverici tərəfidir. Ermənistanın Baş naziri Nikol Paşinyan-ın bu kontekstdə ifadə etməsi ki, 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısında o şəxsən iştirak edəcək, onu deməyə əsas verir ki, 2028-ci ilə qədər bu iki ölkədə növbəti hər hansı mötəbər tədbir keçirilə bilər və bu tədbirə də ev sahibliyi edən tərəf digər ölkə liderini qəbul edə bilər. Yəni bunun üçün Azərbaycan prinsipial məsələ kimi qoyduğu Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən 1991-ci il Ermənistanın müstəqilliyi haqqında bəyannamənin çıxarılması tələbidir ki, rəsmi İrəvanda demək olar ki, bu tələblə razılaşıb və 7 iyun seçkilərindən sonra Ermənistanın yeni Konstitusiyası qəbul olunmalıdır".
Siyasi şərhçinin sözlərinə görə, bunun üçün referendum keçirilməsi gözlənilir və yəqin ki, həmin referendumdan sonra Azərbaycanın bu haqlı tələbi də yerinə yetiriləcək və tərəflər arasında sülh imzalanacaq:
"Nikol Paşinyanın dünən İrəvanda verdiyi başqa bir bəyanatda da görürük ki, sülh sazişinin imzalanması ilə Azərbaycanla Ermənistan arasında artıq konkret sahəvi münasibətləri əks etdirən yeni müqavilələr və sazişlər də imzalanacaqdır. O ki qaldı 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısına, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində kifayət qədər zəngin təcrübəsi var. İstər COP29 olsun, istərsə də bir neçə gün sonra ölkəmizdə keçiriləcək növbəti beynəlxalq tədbir BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) olsun, yaxud digər regional və beynəlxalq toplantılar bütün bu tədbirlər zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqedən çıxış edərək demək olar ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi həm Azərbaycanla Avropa ölkələri arasında münasibətlərə yeni dinamizm gətirəcək".
Selcan Xudiyeva