Ödənişli dayanacaqlar: vətəndaş etirazları və ictimai narazılıq
Son dövrlərdə şəhər mərkəzlərində pullu dayanacaqların tətbiqi genişlənir. Məqsəd nəqliyyat axınını tənzimləmək, avtomaşın sıxlığını azaltmaq və dayanacaq xidmətlərini maliyyələşdirməkdir. Lakin bir çox vətəndaş bu tətbiqə etiraz edir. Onlar bildirirlər ki, pullu dayanacaqlar əlavə xərclər yaradır, bəzi bölgələrdə ədalətsiz paylanır və ictimai nəqliyyatın inkişafı ilə bağlı alternativlər kifayət qədər nəzərə alınmayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi, t.ü.f.d. Bulud Bağırov bildirib ki, əsas narahatlıqlardan biri əlavə maliyyə yüküdür. Gündəlik avtomobildən istifadə edənlər (işə gedənlər, xidmət maşınları) üçün xərclər artır:
“Digəri isə alternativ dayanacağın olmamasıdır. Yəni yaxınlıqda ödənişsiz və ya münasib alternativ dayanacaq yoxdursa, bu sistem məcburiyyət kimi qəbul olunur. Şəffaflıq problem də ortaya çıxır ki, toplanan vəsaitin hara xərcləndiyi aydın deyilsə, ictimai narazılıq artır. Texniki və inzibati çətinliklər yaranır, yəni mobil tətbiqlər, cərimələr, yanlış qeydiyyat halları və s. vətəndaşları narahat edə bilər. Bu sistem düzgün tətbiq olunarsa, real töhfə verə bilər. Müsbət təsirlərini qeyd etsək, uzunmüddətli dayanmanın qarşısı alınır, yerlər daha tez boşalır, insanlar şəxsi avtomobil əvəzinə ictimai nəqliyyata üstünlük verə bilirlər, mərkəzi ərazilərdə avtomobil sıxlığı azalır. Ancaq bununla yanaşı mənfi təsirlər də yan keçmir. İctimai nəqliyyat zəifdirsə, insanlar yenə avtomobildən imtina etmirlər. Nəzarət və icra mexanizmləri zəifdirsə, sistem formal xarakter daşıyır, tıxac problemi təkcə dayanacaqla yox, ümumi yol infrastrukturu ilə bağlıdır. Yəni deməyim odur ki, ödənişli dayanacaq təkbaşına həll yolu deyil, amma müəyyən tədbirlərin bir hissəsi ola bilər. Bəzi istiqamətlərdə ictimai nəqliyyatda avtobusların sayı çox azdır, sərnişinlər dayanacaqlarda vaxtlarını çox itirirlər”.
Bağırov ədalətli və effektiv sistem üçün bəzi məqamları da qeyd edib:
“Zonalaşdırma mərkəzdə daha bahalı, yaşayış və kənar ərazilərdə daha ucuz və ya pulsuz dayanacaqların quraşdırılmasıdır. Burada ərazi üstünlükləri, yəni həmin ərazidə yaşayanlara güzəştli və ya ödənişsiz icazələr verilə bilər. Şəffaflıq toplanan vəsaitin yol, piyada infrastrukturu və nəqliyyata xərcləndiyinin açıq göstərilməsidir. Və rəqəmsal rahatlığı qeyd etmək olar. Yəni sadə tətbiqlər, nağdsız ödəniş, cərimə öncəsi xəbərdarlıq. Şəhərin istənilən boş yerində pullu dayanacaqların quraşdırılmasına son qoyulmalıdır, hətta bəzi yerlərdə quraşdırılan dayanacaqlar ləğv olunmalıdır. Məncə insanların rahatlığını pozaraq qazanc əldə etmək heç bir normativə sığmır və ədalətli sayılmır”.
Banu Məmmədova
