"Ölümünü lentə alan qəhrəman" - Çingiz Mustafayevin qəhrəmanlıq dastanı
Onun həyat yolu ağ xalatdan başladı, amma tale onu cəbhəyə apardı. Bu gün onun adı gələndə tüklər biz-biz olar, gözlər fəxrlə dolar. Bəli, o, Çingiz idi. Öz ölümünü lentə alan, bütün dünyaya həqiqəti çatdıran Çingiz idi.
Mövzu ilə bağlı “İnformator.az” saytına danışan qardaşı, jurnalist Vahid Mustafayev onun uşaqlığından bəri necə çılğın ruhlu olduğunu söyləyir:
“Çingiz uşaqlığdan bəri çox çılğın ruhlu bir gənc olub. Məktəbi bitirdikdən sonra isə heç kim başa düşə bilmirdi ki, o, necə Azərbaycan Tibb İnstitu-na daxil olub. Həmin dövrdə bu ali məktəbə qəbul olmaq son dərəcə çətin idi. Lakin Çingiz bunu bacardı. Azərbaycan Tibb İnstitunda oxuduğu dövrdə orada tələbələrin asudə vaxtını əyləncəli, faydalı keçirmək üçün təşkilat yaratmışdı. Qısa müddətdə ətrafına çoxlu gənclər toplamışdı. Onun bu təşəbbüsü Universitetdə maraqla qarşılandı. Bir müddətdən sonra İnşaat Mühəndisliyi İnstitunda Çingizi gənclərin sanatoriya profiloktoriyasında baş həkim kimi təyin etdilər. Mən həmin dövrdə hərbi jurnalistika ilə məşğul idim”.
O, Çingizin 20 Yanvar hadisəsində iştirakından danışıb:
“20 Yanvar hadisəsi baş verən zaman biz çəkilişdə idik. Çingiz isə, sözsüz ki, bu hadisədən kənarda qala bilməzdi. O, dostları ilə birlikdə küçələrə çıxaraq yaralıları toplamağa başlamışdı. Topladıqları yaralıları özləri ilə sanatoriyaya aparır, müalicə edirdilər. Günlərin birində Sumqayıt yolunda yenidən ağır bir hadisə baş vermişdi. Yaralıları oradan götürmək istəyəndə Sovet Ordusunun əsgərləri Çingizi saxlamışdır. Orada avtomatın qundağı ilə Çingizin çənəsini sındırmışdılar”.
Qardaşı, Çingizin 1991-ci ilin noyabrında jurnalistikaya qədəm qoymağına baxmayaraq, çox qısamüddətdə sözün əsl mənasında bu sahədə iz qoymağı bacardığını deyir:
“1991-ci ilin noyabrından Çingiz artıq jurnalistika ilə məşğul olmağa başladı. Cəmi səkkiz ay bu sahədə fəaliyyət göstərməsinə baxmayaraq, mən ondan jurnalist kimi çox şey öyrəndim. Halbuki mən jurnalistikaya ondan xeyli əvvəl başlamışdım. Çingiz qısamüddət ərzində son dərəcə maraqlı və vacib işlər gördü. Onun hazırladığı materiallar mövzu seçimi, təqdimat tərzi və cəsarəti ilə seçilirdi.
Noyabr ayında onun ilk reportajı oldu. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. “215 KL” studiyasının yaradılması təşəbbüsü ilə çıxış etdi və onun əsas qurucularından biri oldu. Artıq o da Qarabağa getməyə başladı. Tovuzda, Ağdamda və bir çox rayonlarda çox gözəl reportajlar hazırladı. Xatirinizdə varsa, onun gəncləri Qarabağa dəvəti var idi. İndiki Şəhidlər Xiyabının yanında avtobuslar yığılmışdı. 3 avtobus yığılmışdı. Həmin günlərdə vəziyyət yaxşı deyil idi. Amma onu deyə bilərəm ki, Azərbaycanda hər kəs könüllü Qarabağa döyüşməyə gedirdi. Çingizin bir sözü ilə “Gəlin, yığışaq, Qarabağa gedək” hamı gəlirdi. Həmin günlərdə igidlərimiz yalın əlləri ilə vuruşurdu. Onlar cəngavər idilər. Oxuduğum kitabların heç birində onlara xas olan bir ad yoxdur.
O adamlar bilirdilər ki, onlar öləcəklər. Bilə-bilə ölümə gedirdilər və son damla qanına qədər vuruşurdular. Çingizlə mənim aramda çox böyük dostluq var idi. Çingiz çox ədalətli adam idi. Mən ondan balaca olduğumdan səhvlər etmək şansım çox idi. Çingiz də o səhvlərin qarşısını alırdı. Bir dəfə anamla söhbəti olmuşdu onun. Çingiz yaralanmışdı. Güllə ayağına dəymişdi. Biz birlikdə idik o hadisə baş verəndə. Hətta o çəkiliş hazırda məndə var. O, müalicə olundu. Anam dedi ki, “Sən getmə heç yerə, bəsdir”. Çingiz də cavab olaraq dedi ki, “Bəs mən getməsəm, o birisi adam getməsə, heç kim getməsə kim gedəcək? Hamının anası var, hamının anası istəyir ki, oğuluna heç nə olmasın”. O sözlər otaqda bir anlıq sükut yaratmışdı. Çünki bu, sadəcə cavab deyildi. Çingiz qorxunu inkar etmirdi, amma məsuliyyəti qorxudan üstün tuturdu. Çingiz kadrları çəkdikdən sonra gecə ilə bütün dünyaya çatdırmağa çalışırdı. O, sadəcə reportaj hazırlamırdı. O, həqiqəti sənədləşdirirdi. İllər keçdi. O çəkilişlər, o yaralı ayaq, o avtobusların yanında səslənən çağırışlar-hamısı bir xatirəyə çevrildi”.
Zəri Bayramlı
