Orbanın bəyanatı və Aİ-nin gələcəyi
Macarıstanın Baş naziri Viktor Orbanın “Avropa Birliyi tezliklə dağılacaq” açıqlaması Aİ-nin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı politoloq Arzuman Abdulkərimov “ İnformator.az” a açıqlamasında bildirib ki, Avropa Birliyinin dağılması ilə bağlı bəyanatlar o qədər də real deyil:
“Victor Orban zaman-zaman Avropa Birliyi ilə bağlı belə çıxışlar edir. Lakin indiki vəziyyətdə Aİ-nin dağılması mümkün görünmür. Rusiyanın Ukraynaya apardığı işğal siyasəti Birliyi birləşməyə məcbur edir. Avropa və Qərb aydın başa düşür ki, Rusiya Ukraynada işğalı sonuna qədər apara bilsə, Avropaya ciddi təhdid yarana bilər. İngiltərə əvvəl Avropa Birliyini tərk etsə də, son hadisələr göstərdi ki, ölkə hələ də Aİ ilə yaxından əlaqədədir. Avropa Birliyində parçalanma riskini artıran siyasi səbəblər mövcuddur, məsələn, Orbanın Putinin mövqelərinə yaxınlığı və Macarıstanın bəzi tənqid olunan siyasətləri. Lakin Orbanın bəyanatları Birliyin dağılması üçün yetərli deyil. Siyasətdə bu cür çıxışlar zaman-zaman baş verir və əsasən siyasi mesaj xarakteri daşıyır. Gələcəkdə Avropa Birliyi genişlənməyə davam edə bilər və Aİ-nin daxili strukturunda dəyişikliklər olsa da, birlik öz mövqeyini saxlayacaq. Amerika və digər Qərb ölkələri də bu prosesdə maraqlıdır və birlik üçün dəstək verir”.
Ayşə Müzəfərli