00:00:00
Yazar
Ayan Sədi
28.04.2026 23:06 21 3 dəq oxuma
Siyasət

Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan və Qazaxıstan sazişləri

Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan və Qazaxıstan sazişləri

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan yeni addımlar regionda logistika və tranzit imkanlarının aktuallaşmasını bir daha gündəmə gətirib. İmzalanan memorandum və sazişlər Orta Dəhlizin strateji əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq yükdaşımaların daha səmərəli təşkilinə xidmət edir.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Bulud Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, Trans-Xəzər marşrutu üzrə əməkdaşlığın genişlənməsi təsadüfi deyil:

 

“Bu marşrut son illərdə qlobal ticarət zəncirində alternativ və daha etibarlı yol kimi ön plana çıxır. 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında əldə olunan ilkin razılaşmalar artıq öz nəticəsini verməkdədir. Bu baza üzərində qurulan sistem indi daha da genişlənir və institusional çərçivə gücləndirilir".

 

Ekspertin sözlərinə görə, 2017-ci ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının yaradılması koordinasiya baxımından mühüm rol oynayıb:

 

“Assosiasiyanın fəaliyyəti tarif siyasətinin uyğunlaşdırılması, logistika proseslərinin optimallaşdırılması və iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından ciddi irəliləyişlər yaradıb. Bu da marşrutun rəqabət qabiliyyətini artıran əsas faktorlardandır".

 

Bulud Bağırov qeyd edib ki, müasir dövrdə logistikanın effektivliyi təkcə fiziki infrastrukturla məhdudlaşmır:

 

“Tariflərin harmonizasiyası ilə yanaşı, gömrük prosedurlarının sadələşdirilməsi, ‘bir pəncərə’ sistemi və elektron sənədləşmə mexanizmləri daşımaların sürətini əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma həm vaxt itkisini azaldır, həm də biznes üçün daha əlverişli mühit yaradır".

 

Ekspert rəqəmsallaşmanın bu sahədə roluna da xüsusi diqqət çəkib:

 

“Elektron platformaların yaradılması və ‘yaşıl dəhliz’ təşəbbüsləri yük axınının daha operativ idarə olunmasına imkan verir. Bu isə xüsusilə beynəlxalq ticarətdə sürətin həlledici faktor olduğu indiki şəraitdə böyük üstünlükdür".

 

Bulud Bağırovun fikrincə, Bakı-Tbilisi-Qars dəmiryol xətti Orta Dəhlizin əsas dayaqlarından biridir:

 

“Bu xətt Avropa ilə Asiyanı birləşdirən ən qısa və səmərəli marşrutlardan biridir. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətində yükdaşımalar üçün ciddi alternativ yaradır".

 

Ekspert alternativ marşrutlarla müqayisədə bu dəhlizin üstünlüklərini də vurğulayıb:

 

“Rusiya və İran üzərindən keçən yollarla müqayisədə daha təhlükəsiz və çevikdir. Dəniz marşrutları ilə müqayisədə isə vaxt baxımından 2-3 dəfə üstünlük təmin edir ki, bu da logistikada ciddi fərq yaradır".

 

Bulud Bağırov bildirib ki, layihənin iqtisadi təsirləri də kifayət qədər genişdir:

 

“Bu təşəbbüslər Azərbaycanın tranzit potensialını artırır, ölkəni regionda mühüm logistika mərkəzinə çevirir. Eyni zamanda, əlavə investisiya axını və iqtisadi gəlirlərin artması üçün yeni imkanlar yaradır".

 

Ekspert əlavə edib ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq daha da dərinləşir:

 

“Xəzər dənizi üzərindən daşımaların artırılması üçün yeni bərə və Ro-Ro tipli gəmilərin alınması planlaşdırılır. Bu, marşrutun yükötürmə qabiliyyətini daha da genişləndirəcək".

 

Həmçinin infrastrukturun modernləşdirilməsinin də əsas prioritetlərdən biri olduğunu qeyd edib:

 

“Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Aktau limanının inkişafı, rəqəmsal logistika sistemlərinin tətbiqi və yük izləmə texnologiyalarının təkmilləşdirilməsi bu istiqamətdə atılan əsas addımlardandır".

 

Sonda ekspert vurğulayıb ki, qarşıya qoyulan əsas məqsəd uzunmüddətli və dayanıqlı inkişafı təmin etməkdir:

 

“Orta Dəhliz üzrə daşınan yüklərin həcmini artırmaq, birgə logistika şirkətləri yaratmaq və xüsusilə Çin-Avropa ticarətində regionun payını yüksəltmək əsas strateji hədəflər sırasındadır".

#gündəm #dəhlizdə #orta #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər