Oxuyan və 24 yaşını tamamlayan tələbələr hərbi xidmətə çağırılmır
Son günlər ictimai müzakirələrə səbəb olan əsas məsələlərdən biri də ali təhsil müəssisələrində təhsilini davam etdirən, lakin 24 yaşını tamamlamış gənclərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlıdır.
Mövzu ilə əlaqədar təhsil eksperti İlqar Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, təhsil alan gənclər hərbi xidmətə çağırılmamalıdırlar:
“Təbii ki, qanunda dəyişiklik edildikdən sonra qanunun geriyə qüvvəsi mümkün deyil. O səbəbdən hazırda tələb olub, 24 yaşı tamam olmuş şəxslərə bu qanunun tətbiqi mümkünsüzdür.
Tələbənin sosial qrup üzvü olması burada əsas götürülmür, söhbət təhsildə əlaqənin, zəncirin itməməsi baxımından əhəmiyyət kəsb edir. Bir zamanlar magistratura bitirən şəxslər hərbi xidmətə çağırılırdılar və bununla bağlı müvafiq olaraq tədbirlər görülüb həmçinin məndə müraciət etmişəm ki, təhsil alan gənclər hərbi xidmətə çağırılmamalıdır. Çünki oğlanlarımızın elmdə sayı çox azdır və bu nisbət xanımların lehinə dəyişib.
Ali təhsil almış bir gənc ümumilikdə 1 il hərbi xidmətdə olur və o, təhsildə geri düşür. Təhsilini tamamlamadan hərbi xidmətə gedib qayıtdıqda isə əvvəlki həvəs olmur. Ona görə də xeyli sayda gənc təhsilin növbəti pilləsinə addım atmaq istəmirlər.
Mən hesab edirəm ki, Vətənə xidmət hər birimizin borcudur, və oğlanların hərbi xidmətdən keçməsi vacibdir. Elə sahələr var ki, Vətənə xidmət sadəcə əsgər getməklə ölçülmür. Ölkənin elmi potensialını gücləndirmək lazımdır. Elmi potensialı güclü olan ölkədə iqtisadiyyatda güclü olur,hərbi sənaye olur və.s
Bu səbəbdən təhsil alan oğlanlarımızın hərbidən möhlət verilməsinin hərzaman tərəftarı olmuşam. Şükürlər olsun ki Azərbaycan müharibə şəraitində də yaşamır. Mən də bu dəyişikliyi təqdir edirəm. Düşünürəm ki, artıq Azərbaycanın peşəkar ordusu var, və orduya güclü hərbi sənayenin qurulması üçün beyinlər lazımdır. Ümumilikdə, Azərbaycan dövlətini inkişaf etdirmək üçün gənclər lazımdır, onlar elə təhsil alan tələbələrdir.
Burada sosial qrup olaraq onlara möhlət hüququ verilmir. Təbii ki zaman-zaman təkmilləşdirilir. Aidiyyati qurumlar bu prossesdə iştirak edirlər, müvafiq ölçmələr aparılır, onların rəylərinə baxılır, eyni zamanda mütəxəssislər bu dəyişikliyin faydalarını araşdırır və.s
Hərbidə möhlət hüququ xeyli sosial təbəqələri əhatə edir. Gələcəkdə hansısa dəyişikliklərə ehtiyac duyulsa yenədə qanunvericilikdə öz əksini tapacaq.
Əslində bu qərar tələbələrin təhsil imkanlarını artırır, hansısa bir şəxsin gələcəkdə hərbi xidmətdə gecikməsi kimi başa düşülməməlidir. Mükəmməl biliyə malik şəxs fiziki baxımdan yaralıdırsa təbii ki hərbi xidmətini ən mükəmməl şəkildə çəkəcək. Onun psixoloji vəziyyəti, biliyi, savadı, əldə eydiyi bacarıqları ilə hərbidə böyük faydalar verə bilər.Baxmayaraq ki, hərbiyə çağırış yaşı yuxarıdır. Hərbidə sadəcə əsgər yox mütəxəssis olacaq.
Bütün mənalarda təhsil almaq istəyən,potensialı olan oğlanlar üçün bu hüquqları təmin etməliyik ki, Azərbaycanın daha da güclənməsinə kömək olaq".
Həlimə Əliyeva
