Öz-özünə danışmaq
Bəzən insanlar fikirlərini səsli şəkildə özlərinə deyirlər. Bu davranış düşüncələri daha aydın formalaşdırmağa, qərar vermə prosesini asanlaşdırmağa və problemlərə fərqli baxış bucağından yanaşmağa kömək edir. Səsli düşünmək diqqəti cəmləməyə, stressi azaltmağa və emosiyaları daha yaxşı anlamağa da şərait yaradır.
Uşaqların tez-tez özləri ilə danışması isə inkişafın təbii mərhələsidir. Bu, onların öyrənmə, yadda saxlama, plan qurma və yaradıcılıq bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Mütəxəssislər qeyd edirlər ki, öz-özünə danışmaq həm uşaqlar, həm də böyüklər üçün normal, sağlam və faydalı bir vərdişdir.
Mövzu ilə bağlı psixoloq Helin Şadfar “İnformator.az”a açıqlamasında bildirib ki, özü ilə danışmaq insanı bir çox komplekslərdən azad edir:
“Məncə, hər kəs özü ilə danışmağı bacarmalıdır, çünki bu, insanı bir çox komplekslərdən azad edir. Daha dərindən baxdıqda isə bu proses insanın öz hisslərini tanımasına, özünü daha yaxşı anlamasına və özü ilə barışmasına yol açır. Bu, insana daxili rahatlıq verən, çox gözəl və dəyərli bir duyğudur.
Öz-özünə danışmaq normal və sağlam psixoloji prosesdir. Bu daxili dialoqun pozitiv və ya neqativ olması insanın emosional vəziyyətinə və qərarvermə prosesinə birbaşa təsir edir. Öz-özünə danışmaq insanın duyğularını tənzimləməsində mühüm rol oynayır. İnsan yaşadığı vəziyyəti sözlə ifadə etdikcə stress və həyəcan azalır, çünki vəziyyət daha idarəolunan görünür. Bu proses emosional fərqindəliyi artırır, insanın nə hiss etdiyini daha aydın dərk etməsinə kömək edir və travmatik və ya çətin təcrübələrin işlənməsini asanlaşdırır. Lakin öz-özünə dialoq daimi, nəzarətsiz və mənfi formada olduqda emosional gərginliyi artıra, narahatlıq və depressiv əlamətləri gücləndirə bilər.
Pozitiv öz-özünə dialoq insanın özünə inamını artırır, motivasiyanı və psixoloji dözümlülüyü gücləndirir, eyni zamanda insanın özünə qarşı daha şəfqətli olmasına şərait yaradır. Əksinə, neqativ öz-özünə dialoq özünütənqidi və günahkarlıq hissini artırır, anksiyete və depressiya riskini yüksəldir və insanın özünə dəyər hissini zəiflədir.
Bununla yanaşı, öz-özünə dialoq düşüncələrin strukturlaşdırılmasına və prioritetlərin müəyyənləşdirilməsinə kömək edir. İnsan hadisələrə məntiqi ardıcıllıqla yanaşmağa başlayır, müsbət və mənfi tərəfləri müqayisə edir və emosional reaksiyalarını tənzimləyərək daha rasional qərarlar vermək imkanı əldə edir”.
Aydan Əsgərxanlı
