Özümüzü müdafiə etməyə hazırıq!
Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Latın Amerikası və Karib dənizi ölkələrinin dövlət başçılarına, eləcə də bütün BMT-yə üzv dövlətlərə ünvanladığı məktubda deyilir ki, Venesuela sülhə istəyini bir daha təsdiqləyir, lakin suverenliyini və ərazi bütövlüyünü müdafiəyə hazırdır.
"Venesuela sülh arzusunu bir daha təsdiqləyir, eyni zamanda suverenliyini, ərazi bütövlüyünü və sərvətlərini qanuna uyğun olaraq müdafiə etməyə hazır olduğunu açıq şəkildə bildirir”,- deyə Maduro qeyd edib.
Prezident vurğulayıb ki, Venesuela ABŞ-nin hərbi təzyiqinə səbəb olan heç bir hərəkət etməyib.
Dövlət başçısı ABŞ-nin beynəlxalq sularda təxminən 4 milyon barel Venesuela nefti daşıyan iki tankeri ələ keçirdiyini və neft daşıyan tankerlərə tam dəniz blokadası tətbiq etdiyini açıqlayıb.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Venesuela arasında münasibətlər artıq son dərəcə gərgin mərhələyə keçib:
“ABŞ və Venesuela arasında münasibətlər artıq ən gərgin həddə çatıb. ABŞ-nin prezidenti Donald Tramp artıq bir neçə dəfə Venesuela prezidenti Maduroya xəbərdarlıq edib, ondan hakimiyyətdən əl çəkməyi tələb edib. Bu da onu göstərir ki, iki ölkə arasındakı münasibətlər artıq Venesuelanın hakimiyyət dəyişikliyi mövzusuna qədər gərginləşib. Yəni belə anlaşılır ki, Ağ Evdə hesab edirlər ki, Venesuelada hakimiyyət dəyişikliyi qaçılmazdır və bunu mütləq etmək lazımdır. Əsas arqument və ittiham da ondan ibarətdir ki, Venesuela narkoticarət trafikinə nəzarət etməkdə ittiham olunur və Tramp da bu narkoticarət trafikinin sıradan çıxarılmasında israrlı olduğunu bəyan edir. Ancaq hələlik Ağ Evdə bu məsələ ilə bağlı yekun qərarın verildiyi müşahidə olunmur. Belə anlaşılır ki, hələlik siyasi-psixoloji təzyiqlər artan xətt üzrə inkişaf edəcək və yekun nəticədə əgər Maduro istefa verməsə, ola bilər ki, Venesuelaya lokal xarakterli hərbi əməliyyatlar və yaxud hərbi zərbələr endirilə bilər. Əsas məsələ isə ondan ibarətdir ki, ABŞ qlobal neft bazarına nəzarəti ələ keçirmək istəyir. Venesuela dünyanın ən çox neft ixrac edən dövlətləri sırasına daxildir. ABŞ Venesuelanı neft bazarından kənarlaşdırmaqla ABŞ neftinin bazarda aparıcı mövqe tutmasına çalışır. Bu da o deməkdir ki, əslində narkoticarət trafiki ilə bağlı məsələ Ağ Ev üçün bəhanə rolunu oynayır. Əsas məsələ enerji və maddi-iqtisadi istiqamətli məsələlərdə aparıcı, əsas, avanqard mövqelərin ələ keçirilməsindən ibarətdir”.

Lalə Qurbanlı
