Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
2026-cı ilin yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927,3 milyon manatlıq, o cümlədən 8 milyard 774,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2026-cı ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq, o cümlədən 284,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 232,3 manatlıq qeyri-ərzaq malları alıb.