Pakistan–Azərbaycan əlaqələrində yeni mərhələ
Pakistanın Baş naziri Şahbaz Şərif 7-8 noyabrda Azərbaycana rəsmi səfər edəcək.
XİN-də qeyd ediblər ki, Azərbaycana səfəri çərçivəsində Ş. Şərif Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirdi ki, Azərbaycan–Pakistan arasındakı əməkdaşlıq çoxşaxəlidir:
“Əslində, bu səfərdən xüsusi bir nəticə gözləməyə ehtiyac yoxdur, çünki Pakistan Baş nazirinin Azərbaycana səfəri daha çox Zəfər paradı kontekstində baş tutan bir təşəbbüsdür. Lakin belə rəsmi səfərlər və tədbirlər, eyni zamanda, ikitərəfli münasibətlərin müzakirəsi və qarşılıqlı maraq doğuran məsələlərin gündəmə gətirilməsi baxımından əhəmiyyətlidir. Bu, Pakistan–Azərbaycan münasibətləri üçün də keçərlidir.
Məlum olduğu kimi, rəsmi İslamabad və rəsmi Bakı arasında artıq sınaqdan çıxmış sıx münasibətlər mövcuddur. Bu münasibətlər təkcə ikitərəfli çərçivədə deyil, həm də müxtəlif regional məsələlər kontekstində özünü göstərir. Bu səfər zamanı da müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirə olunacağı gözlənilir.
Pakistan və Azərbaycan arasında əməkdaşlıq çoxşaxəlidir və bir sıra sahələri – müdafiə, təhlükəsizlik, iqtisadiyyat, diplomatiya, təhsil və digər vacib istiqamətləri əhatə edir.
Pakistan Azərbaycanın sınaqdan keçmiş və etibarlı tərəfdaşıdır. Eyni şəkildə, Azərbaycan da Pakistan üçün önəmli və strateji tərəfdaşdır. Pakistanın nüvə silahına sahib bir dövlət olması da bu əməkdaşlığa əlavə önəm qatır. Hər iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir və diplomatik fəaliyyətlərini koordinasiya şəklində həyata keçirirlər. Bu da bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verir”.
Aydan Əsgərxanlı
