Pakistan BMT-də Ermənistanı dövlət kimi tanıyacaq
Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığında Avrasiya İqtisadi Birliyinə (Aİİ) qoşulmaq imkanı əldə edəcək.
"Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi - Aİİ-yə daxil olmaq məsələsində konsensus əldə etməyi planlaşdırır", - deyə bildirilib.
Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.
O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycanla strateji mütəffiq olan Pakistanla münasibətlərinin normallaşdırılması qarşılıqlı münasibətlərə pozitiv məzmunda təsir göstərə biləcək faktordur:
“Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanıması artıq elə bir ciddi problem deyil. Çünki artıq Azərbaycan və Ermənistan arasında münaqişə sona çatıb. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Eyni zamanda həm Azərbaycan, həm də Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini, sərhədlərini tanıyıblar. Bu baxımdan Pakistanın da Ermənistanı tanımasında elə bir ciddi problem yoxdur və bu da normal prosesdir. Pakistan və Ermənistan arasında da münasibətlərin normallaşması və diplomatik münasibətlərin qurulması istənilən halda Cənubi Qafqazdakı geopolitik situasiyaya da pozitiv təsir göstərə bilər. Çünki Pakistan Azərbaycanın strateji mütəffəqidir. Ermənistanın da Azərbaycanla strateji mütəffiq olan Pakistanla münasibətlərinin normallaşdırılması istənilən halda qarşılıqlı münasibətlərə daha pozitiv məzmunda təsir göstərə biləcək faktordur. Üstəlik bu, Pakistanın Cənubi Qafqazda öz geopolitik və geoiqtisadi maraqlarını ifadə etməsi baxımından da böyük önəm daşıyır. Azərbaycanla yaxın münasibətləri olan bir dövlətin Cənubi Qafqazda müəyyən geoiqtisadi maraqlar daşıması qətiyyən gözlənilməz bir hadisə deyil. Bütün bunlar, təbii ki, istər-istəməz regiondakı geosiyasi balansı da dəyişə biləcək hadisədir. Azərbaycanla əlaqələrə gəldikdə isə Pakistanın Ermənistanı tanıması Azərbaycanla münasibətlərə də hər hansı neqativ yöndə təsir göstərə bilməz. Əksinə, Pakistan Ermənistanın dövlət kimi tanınmasını ilk növbədə Azərbaycanla məsləhətləşdikdən sonra belə bir qarara gəlmiş ola bilər. Böyük ehtimalla Pakistan rəhbərliyi Azərbaycanın siyasi rəhbərliyi ilə bu məsələni müzakirə edib və belə qarara gəlinib ki, Pakistanın Ermənistanı dövlət kimi tanıması heç bir problem yaratmır və bu baxımdan Azərbaycan və Pakistan arasındakı münasibətlərə də hər hansı mənfi təsirinin olacağı qətiyyən gözlənilmir”.

Lalə Qurbanlı