Pakistan qırıcıları Əfqanıstana zərbələr endirib
Pakistan Hərbi Hava Qüvvələri (HHQ) Əfqanıstanın Nəngərhar və Xost vilayətlərinə zərbələr endirib.Bu barədə “Röyters” agentliyi məlumat yayıb.Hücum nəticəsində 3 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
Mövzu ilə bağlı AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistanın Əfqanıstandakı Taliban hökuməti ilə “ulduzları barışmır”:
“Artıq bir neçə ildir ki, bu qarşıdurma davam edir. Halbuki, zamanında Talibanın yaranmasında elə Pakistanın rolu az olmayıb. Sadəcə Əfqanıstanda “Pakistan Talibanı” (Təhriki Pakistan) adlanan terrorçu qrup var ki, ara-sıra Pakistan sərhədlərinə hücumlar həyata keçirir. Bu da Əfqanıstan-Pakistan gərginliyini qüvvədə saxlamaya bilməz. Burada bir məsələdə var. Əfqanıstanda bəzi qruplar var ki, yerli hökumət onlara nəzarət edə bilmir. Həmin terrorçu qruplar da qonşu dövlətlərin sərhədlərini pozmaqdadır. Nəticədə Əfqanıstan hökuməti cavabdehlik daşıdığı üçün üz-üzə qalır”.
Siyasi şərhçi qeyd edib ki, Pakistanın məhz Nəngərhar və Xost vilayətlərini hədəf seçməsi təsadüfi deyil:
“Yerli hökumətə tabe olmayan terrorçu qruplar bu bölgələrdə daha çox məskən salıblar və Pakistan sərhədinə hücumlar həyata keçirirlər. Amma istənilən halda bu qarşıdurmanın Pakistanla Əfqanıstan arasında daha ciddi gərginliyə yol açacağını və uzunmüddətli olacağını güman etmirəm. Zatən indiyə qədər baş verən qarşıdurmaların ömrü bir neçə gün çəkib. Son olaylar da belə olacaq”.
Cavanşir Abbaslı açıqlamasına əlavə edib ki, burada Çin amili də var:
“Pekin bu iki ölkə arasında gərginliyin hökm sürməsində heç bir halda maraqlı görünməz. Ona görə ki, hər iki ölkəyə milyardlarla dəyərində yatırım edib. Bunlar təhlükə altına düşə bilər. Onun üçün də Çin bölgədə sabitlik istəyir. Həm də bu baxımdan sərhəd təhlükəsizliyinin tezliklə bərpa olunacağını güman edirəm.
Hətta ola bilər ki, Əfqanıstan hökuməti daxildə hakimiyyəti tam ələ almaq, mərkəzi hakimiyyətə tabe olmayan qrupları zərərsizləşdirmək üçün Pakistanla birlikdə hərəkət etsin. Başqa yol da qalmır. Çünki, Əfqanıstan və Pakistan arasında gərginlik ocaqları yaradacaq ciddi səbəblər də ortada yoxdur. Deyərdim ki, bu iki dövlət yaxın əlaqələr qura biləcək potensiala sahibdirlər. Azərbaycan olaraq, biz də hər iki ölkə arasında qısa zamanda yaxın əlaqələrin yaradılmasında maraqlıyıq. Çünki, Pakistan bizə dost-qardaş ölkədir. Əfqanıstan da yaxın ölkələrdən biri sayılır. Qarabağ savaşlarında biz bunun şahidi olmuşuq. Əfqan xalqı hər zaman haqq savaşında Azərbaycan xalqını dəstəkləyib, müsəlman həmrəyliyi nümayiş etdirib”.
Ləman Mahmudlu
