Pakistanda musson yağışları səbəbindən 2 ayda 746 nəfər həyatını itirib
Pakistanda musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində 26 iyundan bəri həyatını itirənlərin sayı 746-ya çatıb. Ölkənin şimal-qərbindəki axtarış-xilasetmə qrupları Buner bölgəsində itkin düşən 150 nəfəri tapmaq üçün əməliyyatlarını davam etdirir.
Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (NDMA) açıqlamasında bildirilib ki, yağıntıların törətdiyi fəlakətlərin təsiri ölkə üzrə davam edir və son 24 saatda, əsasən, Gilgit-Baltistan bölgəsində 44 nəfər həyatını itirib. Beləliklə, təxminən 2 ayda fəlakətlərdə ölənlərin ümumi sayı 746-ya yüksəlib.
Ölkənin şimal-qərbindəki axtarış-xilasetmə qrupları Buner bölgəsində itkin düşən 150 nəfəri tapmaq üçün əməliyyatlarını davam etdirir. Milli Fövqəladə Hallar Əməliyyat Mərkəzi rəsmiləri isə cənub bölgələrində güclü yağış gözlənildiyini bildirərək xəbərdarlıq ediblər. Qeyd olunub ki, yağışlar Kəraçi, Haydarabad, Thatta, Badin, Mirpurxas və cənubdakı Sind əyalətinin Səkkur bölgəsində avtomobil yollarını su altında qoya, nəqliyyatı çətinləşdirə, elektrik və telekommunikasiya şəbəkələrinə ziyan vura bilər.
A HABER
Solmaz Muradova