PAKİSTANDA NƏ BAŞ VERİR?
Pakistan Prezidenti Arif Alvi Milli Assambleyanın buraxılmasını təsdiqləyib. Ölkə konstitusiyasının 58-1-ci maddəsinə uyğun olaraq, Baş nazir Şahbaz Şərifin məsləhəti ilə Milli Məclis buraxılıb. İstefa verən Nazirlər Kabinetini əvəz etmək üçün isə müvəqqəti hökumət yaradılacaq. Şahbaz Şərifin dolayısı ilə öz səlahiyyətlərinə xitam verilməsinə şərait yaratması müəyyən suallar doğurur. Ekspertlər nazirin bu addımını daxili gərginliyin yumşaldılması üçün perspektiv kimi qiymətləndirirlər. Politoloq Oqtay Qasımovun sözlərinə görə, 16 aydır hökumətə başçılıq edən Şahbaz Şərif əslində doğru yol seçib. “Pakistanda daxili-siyasi gərginliyi aradan qaldırmaq üçün bunun çıxış yolu kimi növbədənkənar seçkilərin keçiriləsi təklifini irəli sürdü ki, bu da Pakistan hökuməti tərəfindən dəstəkləndi və müvafiq qərar alındı. Hesab edirik ki, həm Pakistanın maraqları baxmından, həm də bundan sonra onun güclənməsi və bizim münasibətlərimizin inkişafı baxımından önəmli bir seçki olacağını düşünürəm”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov isə deyir ki, seçkiyə gedilməsi Pakistanda milli birlik üçün atılmış bir addımdır. Lakin bunun da baş verən bu siyasi gərginliyi qısa müddətdə yatıracağını gözləmək çətindir. “Pakistan qanunvericiliyinə görə, artıq növbəti seçkilərin keçirilməsi hər nə qədər noyabra gözlənilsə də, bu, ancaq əhalinin ümumi qeydiyyata alınması prosesi yekunlaşdıqdan sonra baş tuta bilər. Yəni ən azı 4 ay müddətinə vaxt tələb olunur. Bunlar onu deməyə əsas verir ki, Pakistanda siyasi gərginlik ən azı növbəti yaz aylarına qədər müşahidə ediləcək”.
Səlahiyyətlərinə xitam verilən Şahbaz Şərifinin postuna potensial namizədin kim olacağı hələlik bəlli deyil. Nağı Əhmədovun qənaətincə, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bütün hallarda bu ölkə ilə rəsmi Bakının münasibətləri müsbət olaraq qalacaq. “Pakistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Pakistan ilə Azərbaycan münasibətləri hesab edirəm ki, hər zaman kifayət qədər yüksək olaraq qalacaq. Çünki bu, Pakistanın milli təhlükəsizlik maraqlarından qaynaqlanan bir məsələdir. Eyni zamanda Azərbaycanın da maraqları tələb edir ki, biz Pakistanla yüksək münasibətləri saxlayaq. Bu fonda, yəni Pakistanın daxilində gedən bu siyasi gərginliklərin Pakistanın xarici siyasətində ciddi mənada radikal dəyişikliklərə gətirib çıxaracağını gözləmirəm”.
Qeyd edək ki, respublikaya müvəqqəti kimin rəhbərlik edəcəyinə isə Şahbaz Şərif Milli Məclisdəki müxalifət lideri ilə birlikdə qərar verməlidir.
ZEYNƏB
