00:00:00
Yazar
Admin User
11.07.2025 09:11 141 2 dəq oxuma
Siyasət

Pakistanın hüquq və ədliyyə naziri Azərbaycana səfər edib

Pakistanın hüquq və ədliyyə naziri Azərbaycana səfər edib

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun dəvəti ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, Pakistanın hüquq və ədliyyə nazirinin Azərbaycana səfərinin ciddi siyasi nəticəsi olacağı güman edilmir:

 

"Çünki hüquq və ədliyyə naziri siyasi məsələləri müzakirə etmək üçün Azərbaycana gəlmir. Bu səfərin hansısa siyasi nəticələr doğuracağını güman etmirəm. Üstəlik Pakistanın Baş naziri bu günlərdə Azərbaycanda olub, Prezidentimizlə görüşüb və çox ciddi müzakirələr aparılıb. Bu hadisədən qısa müddət sonra ədliyyə nazirinin səfərinin hansısa siyasi nəticələr doğurması qeyri-mümkündür. Təbiidir ki, ədliyyə nazirinin Azərbaycana səfərində daha çox hüquqi məsələlər müzakirə olunacaq və hüquqi layihələr ətrafında söhbət gedəcək. Hansı razılaşmaların ola biləcəyini isə yəqin ki, yaxın günlərdə öyrənərik. Uzun müddətdir ki, Azərbaycan Pakistanla hərbi sahədə sıx əməkdaşlıq edir. Ardıcıl olaraq birgə hərbi təlimlər həyata keçirilir, Azərbaycan Pakistandan müəyyən müasir silahlar alır. Təbiidir ki, bu məsələ bölgəmizdə güc balansına təsir edən ən mühüm amillərdən biridir. Hamı bilir ki, Azərbaycanın Türkiyədən sonra ən yaxın müttəfiqi Pakistandır. Baxmayaraq ki, 2 dövlət arasında müttəfiqlik haqqında sənəd imzalanmayıb. Ancaq Azərbaycanla Pakistanın qardaş dövlət olması hamıya məlumdur. Təbii ki, bu, bölgədə güc balansına ciddi şəkildə təsir edir və bundan sonra da bu istiqamətdə müəyyən addımların atılması gözlənilir. Amma bu addımlar Baş nazirin səfəri zamanı müzakirə oluna bilər. Ədliyyə nazirinin səfəri isə yalnız hüquqi məsələlərin müzakirəsinə həsr olunan səfərdir və bu səfərdən bölgədəki güc balansına təsir edəcək nəticələr gözləmək düzgün deyil".


Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər