00:00:00
Yazar
Ayşən Səlimova
25.03.2026 14:43 58 3 dəq oxuma
Dünya

Pakistanın vasitəçilik təklifi: İran-ABŞ gərginliyində yeni diplomatik mərhələ mümkündür

Pakistanın vasitəçilik təklifi: İran-ABŞ gərginliyində yeni diplomatik mərhələ mümkündür

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin İran və ABŞ arasında gərginliyin azaldılmasına yönəlmiş danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib. O, Pakistanın regionda sülh və sabitlik naminə dialoq səylərini dəstəklədiyini vurğulayıb. Şərifin sözlərinə görə, tərəflərin razılığı olacağı təqdirdə Pakistan məzmunlu və yekun danışıqlar üçün platforma təqdim edə bilər.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistanın vasitəçilik təşəbbüsü fonunda İran-ABŞ gərginliyinin diplomatik müstəviyə keçməsi ehtimalı regionda yeni geosiyasi dinamikanın formalaşdığını göstərir:

 

“Şahbaz Şərifin səsləndirdiyi bu təklif, əslində, yalnız texniki platforma deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Pakistan özünü regional sabitliyin təminatçısı kimi təqdim etməyə çalışır. İsrailin danışıqlar prossesində iştirakı məsələsinə gəldikdə bu məsələ olduqca həssasdır. Mövcud reallıq göstərir ki, danışıqlar formal olaraq əsasən ABŞ və İran arasında qurulacaq. İsrail isə böyük ehtimalla birbaşa masa arxasında deyil, “dolayı tərəf” kimi iştirak edəcək. Yəni, İsrailin təhlükəsizlik maraqları ABŞ vasitəsilə danışıqlara daxil ediləcək. Bu, həm İranın İsraillə birbaşa dialoqa getmək istəməməsi, həm də prosesin daha çevik idarə olunması üçün seçilən klassik diplomatik modeldir. Lakin qeyd etmək lazımdır ki, İsrailin kənarda qalması yalnız formal xarakter daşıyır, onların real təsir mexanizmləri yenə də aktiv olacaq”.

 

 

Politoloqun sözlərinə görə, bu təşəbbüsə beynəlxalq təşkilatların mövqeyinə gəldikdə isə onların mövqeyi daha çox legitimlik məsələsi ilə bağlıdır:

 

“Birləşmiş Millətlər Təşkilatı, eləcə də Avropa İttifaqı kimi qurumlar prinsip etibarilə bu cür təşəbbüsləri dəstəkləyir, çünki onların əsas prioriteti eskalasiyanın qarşısını almaqdır. Pakistanın təklifi də bu baxımdan “neytral platforma” kimi müsbət qiymətləndirilə bilər. Bununla belə, real dəstək daha çox siyasi bəyanatlar və diplomatik təşviq səviyyəsində qalır. Yəni beynəlxalq təşkilatlar prosesin təşkilatçısı yox, daha çox siyasi legitimləşdirici rolunu oynayır. Əsas qərarverici güc yenə də birbaşa tərəflərin, yəni ABŞ və İranın əlindədir. Əgər bu iki ölkə razılığa yaxınlaşarsa, o zaman beynəlxalq təşkilatların rolu daha da artaraq razılaşmanın icrasına nəzarət mərhələsinə keçə bilər. Danışıqlar prossesi ilə bağlı ən önəmli məsələ İranın daxili siyasi vəziyyətidir. İran daxilində qərarvermə prosesi monolit deyil. Yeni seçilən ali dini liderlə bağlı müəmma fonunda müxtəlif güc mərkəzləri, yəni, hökumət, dini rəhbərlik və təhlükəsizlik strukturları paralel təsir imkanlarına malikdir. Bu isə danışıqlar prosesini həm ləngidə, həm də qeyri-müəyyən edə bilər. Məsələn, daha praqmatik qanad sanksiyaların yumşaldılması üçün kompromisə meylli ola bilər, lakin sərt xətt tərəfdarları bunu zəiflik kimi qiymətləndirə bilər. Nəticədə İranın mövqeyi bəzən ziddiyyətli siqnallar şəklində ortaya çıxır: bir tərəfdən danışıqlara açıq mesajlar, digər tərəfdən isə sərt ritorika. Ümumilikdə, Pakistanın təşəbbüsü diplomatik imkan pəncərəsi yaratsa da, prosesin uğuru bir neçə kritik faktordan asılıdır. Bunlar tərəflərin real kompromisə hazır olması, dolayı aktorların, xüsusilə də İsrailin təsirinin balanslaşdırılması və İran daxilində siyasi konsensusun formalaşmasıdır. Bu şərtlər ödənmədiyi halda, təşəbbüs simvolik addım olaraq qalmaq riski daşıyır”.

 

Mələk Hüseynova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər