Panama kanalında 200-dən çox gəmi keçmək üçün gözləyir
Panama kanalında gəmilərin keçidi quraqlıq səbəbindən məhdudlaşdırılıb. Yaranan böhran vəziyyəti ən azı bir neçə həftə çəkə bilər. Mütəxəssislər yaranan vəziyyətlə əlaqədar kanalın 200 milyon dollar məbləğində zərərə uğrayacağını açıqlayırlar.
Atlantik və Sakit okeanı birləşdirən ticarət kanalı Panamada gərgin vəziyyət yaranıb. Quraqlıq səbəbindən kanala keçid məhdudlaşdırılıb və hazırda 200-dən çox gəmi Kanaldan keçmək üçün gözləyir. 80 kilometrdən uzun su yolunun fəaliyyəti yağış suyuna əsasən fəaliyyət göstərir və hazırda Mərkəzi Amerika regionunda yağıntının az olması səbəbi İlə rəsmilər suya qənaət etmək üçün nəqliyyatın hərəkətini azaltmalı olublar. Kanaldan keçməsinə icazə verilən gəmilər isə daha yüksək ödəniş etməlidirlər.
Baş verənlərlə əlaqədar Panama Kanalı İdarəsinin administratoru Rikaurte Vaskes Morales açıqlama verib. O bildirib ki, uzun müddət davam edən quraqlıq səbəbindən kanalda tranzit azaldılması və gəmilərin sayının məhdudlaşdırılması əvvəlcədən planlaşdırılıb. Qeyd edib ki, həyata keçirilən tədbir nəticəsində kanaldan keçən gəmi sayının 36-38-dən 32-yə azaldılması nəzərdə tutulub. Moralesin sözlərinə görə, böhran vəziyyəti 2024-cü ilin sentyabrına qədər davam edəcək. Bu isə kanalın təxminən 150-200 milyon dollar itirəcəyi deməkdir.
Panama Kanalı İdarəsinin administratoru Rikaurte Vaskes Morales hazırki vəziyyətin bir su anbarı ilə tam həll olunmasının mümkün olmadığını bildirib: “Reallığa uyğunlaşmaq lazımdır. Bu böhranın dərinliyi, şiddəti həqiqətən çox yüksəkdir. Ona görə də hesab edirik ki, gələn ilin 30 sentyabrına qədər biz müvafiq layihələrdə nəzərdə tutulan məhdudiyyətlərə nəzərən fəaliyyət göstərməliyik. Beynəlxalq ticarət isə həmişəki kimi davam edəcək. Bunun üçün əlimizdən gələni edəcəyik. Ətraf mühitin qorunması üçün və gəmilərin tranzitinin qorunması üçün hər şey edəcəyik. Sosial və ekoloji məsuliyyəti dərk edərək iqtisadi uğur nümunəsi olacağıq”.
Mütəxəssislərin fikrincə, Panama kanalındakı vəziyyət bataqlığa bənzəyir. Onlar düşünürlər ki, iqlim dəyişikliyi quraqlıq vəziyyətini artıracaq və bu cür problemlər getdikcə daha da kəskinləşəcək. Bildirirlər ki, hazırda həm Atlantik, həm də Sakit okean istiqamətində kanala daxil olmaq üçün gözləmə müddəti təxminən 20 gündür və bu da bəzi gəmiçilik şirkətlərinin alternativ yollar axtarmasına səbəb olur. Digərləri külli miqdarda əlavə ödənişlər ödəyirlər ki, nəticədə daşıdıqları malların daha çox xərc almasına səbəb olur.
Digər tərəfdən, ən çox zərər görəcək ölkə ABŞ-dır. Belə ki, Panama Kanalı ABŞ şirkətləri üçün vacib ticari əlaqəni təmin edir. Vaşinqtonun ümumi əmtəə ixracı və idxal konteynerləri Panama Kanalı hasilatının təxminən 73 faizini təşkil etdiyi və ölkənin gəmilərinin hər il təxminən 270 milyard dollar dəyərində yük daşıdığı təxmin olunur.
Qeyd edək ki, Panama kanalı yüzillik tarixində ən şiddətli və uzun sürən quraqlıq mövsümlərindən biri ilə üzləşir. Hazırda 80 kilometrdən uzun su yoluna qoyulan bu məhdudiyyət Mərkəzi Amerika regionunda yağıntının az olmasına görə tətbiq olunub.
