00:00:00
Yazar
Admin User
04.09.2025 13:51 85 2 dəq oxuma
Dünya

Paşinyan: Ermənistan Yapon investisiyalarında maraqlıdır

Paşinyan: Ermənistan Yapon investisiyalarında maraqlıdır

Tokioda Şigeru İşiba ilə görüşən Nikol Paşinyan Ermənistanın yapon investisiyalarına açıq olduğunu və biznes forumu planlaşdırdıqlarını bildirib. İşiba isə əməkdaşlığın və regionda sülhün vacibliyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a açıqlamasında bildirib ki, sülh müqaviləsinin imzalandığı, bütün nəqliyyat kommunikasiyalarının açıldığı bir regionda, təbii ki, Yaponiya da investisiya qoymaqda maraqlı olacaq:

 

"Hətta birgə müəssisələrin yaradılması da müzakirə mövzusu ola bilər. Belə istehsal müəssisələri yaradıldığı təqdirdə nəqliyyat kommunikasiyaları xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar yalnız sülh şəraitində mümkün ola bilər. Bilirsiniz ki, Ukrayna–Rusiya və Qəzza–İsrail müharibələrinin davam etdiyi bir dövrdə qlobal ticarət müəyyən çətinliklərlə üzləşib. Buna görə də yeni alternativ nəqliyyat kommunikasiyalarına və ticarət yollarına ehtiyac var. Bu baxımdan Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Orta Dəhlizin bir istiqaməti Orta Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə xətti üzərindən keçirsə, digər istiqaməti daha qısa yol olan Ermənistan üzərindən keçən Zəngəzur dəhlizidir. Ona görə də ticarət yollarının, xüsusən də Zəngəzur dəhlizinin mövcudluğu Yaponiya üçün də cəlbedici ola bilər və bu istiqamətdə Ermənistana müəyyən investisiyaların yatırılması mümkündür. Bütün bunları nəzərə alaraq Nikol Paşinyan Yaponiyaya səfər edib və yapon investisiyalarını cəlb etməyə çalışıb. Bu həm də Ermənistanın texnologiyalarının inkişafına gətirib çıxara biləcək bir addımdır".

 

O, həmçinin bildirib ki, Ermənistan–Yaponiya münasibətləri sadəcə əməkdaşlıq xarakteri daşıyır:

 

"Burada hərbi-siyasi əməkdaşlıqdan söhbət getmir. Bu əməkdaşlıq regionda güc balansını dəyişməyəcək. Çünki Yaponiya hansısa hərbi bloka və ya quruma qoşulmaqla bloklara üstünlük vermək niyyətində deyil. Üstəlik, Ermənistana da belə bir üstünlük tanınmayacaq. Burada yalnız biznes maraqlarından danışmaq olar. Ermənistan daxilində sabitlik və təhlükəsizlik tam təmin olunduğu halda yaponlar üçün bu, cəlbedici ola bilər. Buna görə də Ermənistan–Yaponiya əməkdaşlığının kiməsə qarşı yönəlməsindən söhbət gedə bilməz. Bu əməkdaşlıq güc balansını dəyişəcək səviyyədə deyil".

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər