00:00:00
Yazar
Admin User
02.09.2025 15:53 87 2 dəq oxuma
Dünya

Paşinyan: Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub

Paşinyan: Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub

“Keçmişdə Ermənistan Respublikası digər dövlətlərin hesabına və onlar üçün mövcud olub. Bu gün isə Ermənistan Respublikası öz hesabına, öz vətəndaşlarının hesabına və onlar üçün mövcuddur”, – deyə Paşinyan qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bu vaxta qədər Ermənistan Rusiyadan asılı vəziyyətdə olub:

 

"Paşinyan bildirmək istəyir ki, indiyə qədər Ermənistan vassal dövlət olub, müstəqil olmayıb, Rusiyadan asılı vəziyyətdə fəaliyyət göstərib. Paşinyan hakimiyyətə gələndən sonra isə Ermənistanı müstəqil edib və artıq Rusiyanın vassalı deyil. Ona görə də Ermənistanın xarici siyasətində görürük ki, Paşinyan daha çox avrointeqrasiya istiqamətinə yönəlməyə, Avropa ölkələri ilə əməkdaşlıq etməyə və Rusiyanın siyasi-hərbi təsirindən çıxmağa çalışır. Təbii ki, bir çox məsələlərdə, o cümlədən xarici siyasət sahəsində müstəqil xətt aparmağa səy göstərir. Yəni, hansı ölkə ilə dostluq edəcəyini, hansı dövlətlə necə münasibət quracağını özü müəyyənləşdirir. Rusiyanın diktəsi ilə yox, Ermənistanın maraqlarına uyğun şəkildə hərəkət etməyə çalışır. Paşinyanın dedikləri də məhz bunu ifadə edir. “Öz hesabına mövcud olması” məsələsinə gəldikdə isə, siyasi baxımdan Ermənistan kifayət qədər müstəqildir. Paşinyan demək olar ki, müstəqil xarici siyasət yürüdür. Ən azından vassal dövlət deyil, bildiyi kimi hərəkət edir və Rusiyanın bir çox istəklərinə, tapşırıqlarına boyun əymir. İqtisadi baxımdan isə əlbəttə, asılılıq var, amma bu asılılıq eyni zamanda Rusiya üçün də vacibdir".

 

O, həmçinin bildirib ki, Rusiyayla Ermənistanın bu gün ciddi ticarət dövriyyəsi mövcuddur:

 

"Bu da onu deməyə əsas verir ki, Ermənistan Rusiyadan qidalandığı kimi, Rusiya da Ermənistan üzərindən bir çox məsələləri həll edir, sanksiyaları dəlib keçir. Belə olan halda, bu iqtisadi münasibət qarşılıqlı, faydalı əməkdaşlıq üzərində qurulduğuna görə, Ermənistanın iqtisadi baxımdan da müstəqil olduğunu demək olar. Yəqin ki, Ermənistanın müstəqilliyini istəyənlər, Qərbə meyilli olanlar, avrointeqrasiyanı prioritet seçənlər bu çıxışı bəyənir və dəstəkləyirlər. Amma “5-ci kolon”, yəni Rusiyayla bağlı olan keçmiş Sərkisyan-Köçəryan komandasının tör-töküntüləri, təbii ki, bunu qəbul etmirlər və bu çıxışdan məmnun qalmırlar. Çünki bu cür açıqlamalar hər dəfə onların imicinə və nüfuzuna ciddi zərbə vurur. Eyni zamanda kilsəni də, onları da gözdən salır. Açıqlamanın mahiyyəti budur ki, Ermənistan illər boyu asılı dövlət olub, yarım müstəmləkə kimi fəaliyyət göstərib və Rusiyanın bir əyaləti kimi idarə olunub. Paşinyan hakimiyyətə gələndən sonra isə bu asılılıqdan Ermənistanı qurtarmağa çalışır. Təbii ki, Rusiya yönümlülər bunu qəbul etmirlər. Çünki bu cür açıqlamalar onların ifşasını və nüfuzdan düşməsini sürətləndirir. Amma müstəqil, azad, demokratik Ermənistan istəyənlər bu açıqlamadan məmnundurlar və anlayırlar ki, Rusiyadan nə qədər uzaqlaşsalar, bir o qədər azadlığa və real suverenliyə yaxın olacaqlar".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər