00:00:00
Yazar
Ayan Sədi
03.07.2026 22:46 222 3 dəq oxuma
Gündəm

Paşinyanın yeni dövrü: Azərbaycan–Ermənistan münasibətlərinin perspektivləri

Paşinyanın yeni dövrü: Azərbaycan–Ermənistan münasibətlərinin perspektivləri

Ermənistanda keçirilən seçkidən sonra Nikol Paşinyanın yenidən baş nazir seçilməsi Cənubi Qafqazda sülh prosesi və regional əməkdaşlığın perspektivini bir daha gündəmə gətirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Hüseynov bildirib ki, Nikol Paşinyanın yenidən baş nazir seçilməsini Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından diqqətdə saxlamaq  vacibdir:

 

"Hesab edirəm ki, bu, sülh danışıqlarının davam etməsi üçün müəyyən sabitlik yarada bilər. Çünki indiyə qədər aparılan danışıqlar məhz Paşinyan hökuməti ilə aparılıb. Hökumətin dəyişməməsi o deməkdir ki, proses yenidən başlanmır və əvvəl əldə olunan razılaşmaların davam etdirilməsi üçün imkan qalır. Ancaq bunu sülhün artıq çox yaxın olması kimi qiymətləndirmək də düzgün sayılmaz. Qarşıda hələ kifayət qədər çətin və həssas məsələlər var.

Azərbaycan tərəfi də son illərdə sülh gündəliyinin irəli aparılması istiqamətində öz mövqeyini açıq şəkildə ifadə edib. Prezident İlham Əliyev çıxışlarında regionda uzunmüddətli sabitliyin təmin olunmasının, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsinin vacibliyini vurğulayıb. "Rəsmi Bakı hesab edir ki, sülh sazişinin imzalanması regionda yeni əməkdaşlıq imkanları aça və Cənubi Qafqazda davamlı inkişaf üçün daha əlverişli şərait yarada bilər. Bu baxımdan, danışıqların davam etməsi və əldə olunan razılaşmaların praktik addımlarla dəstəklənməsi mühüm əhəmiyyət daşıyır". 

 

Siyasi şərhçi vurğulayıb ki, bu gün ən vacib məsələ tərəflərin siyasi iradə nümayiş etdirməsidir:

 

"Bəyanatlar vermək kifayət etmir. Əsas olan razılaşdırılmış məsələlərin praktikada icra olunmasıdır. Əgər dialoq davam edərsə və qarşılıqlı etimadı artıran addımlar atılarsa, sülh prosesində irəliləyiş görmək mümkün ola bilər. Sülh istiqamətində real nəticələr əldə olunarsa, bu, iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Nəqliyyat və kommunikasiya xətlərinin açılması bütün region üçün ciddi iqtisadi üstünlüklər vəd edir. Bu, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına və yeni investisiya imkanlarının yaranmasına kömək edə bilər. Azərbaycan və Ermənistanla yanaşı, bütövlükdə Cənubi Qafqaz bundan fayda görə bilər. Regionun beynəlxalq nəqliyyat dəhlizlərində rolu da daha da güclənə bilər.

Bununla yanaşı, humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmamalıdır. İnsanlar arasında təmasların artması, mədəni və elmi əlaqələrin inkişafı uzunmüddətli etimadın formalaşmasına töhfə verə bilər. Çünki davamlı sülh yalnız siyasi sənədlərlə deyil, cəmiyyət arasında yaranan qarşılıqlı etimadla da möhkəmlənir.

Bununla belə, sülh sazişinin imzalanmasına mane olan problemlər hələ də qalmaqdadır. Sərhədlərin tam müəyyənləşdirilməsi prosesi başa çatmayıb. Tərəflər arasında etimad istənilən səviyyədə deyil. Hər iki ölkədə daxili siyasi amillər qərarların qəbuluna təsir göstərir. Bundan başqa, Cənubi Qafqazın geosiyasi əhəmiyyəti böyük olduğuna görə regionda marağı olan müxtəlif xarici güclərin mövqeyi də prosesə müəyyən təsir göstərə bilir.

Məhz buna görə də qarşıdakı dövrdə ən doğru yol birbaşa dialoqu davam etdirmək, əldə olunan razılaşmaları mərhələli şəkildə həyata keçirmək və gərginliyi artıracaq addımlardan çəkinməkdir. Mən hesab edirəm ki, hər iki tərəf uzunmüddətli sabitliyi və regional inkişafı prioritet kimi qəbul edərsə, sülh sazişinin imzalanması istiqamətində daha ciddi nəticələr əldə etmək mümkün olacaq. Bu, Azərbaycan və Ermənistan üçün olduğu kimi, bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyi, iqtisadi inkişafı və əməkdaşlıq baxımından da mühüm əhəmiyyət daşıyır".

 

Aişə Mustafayeva

#gündəm #azərbaycan #xəbər #perspektivləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər