Pekin 20 il sonra xarici ticarət qanununu yeniləyir
Çin hökuməti demək olar ki, 20 ildən sonra ilk dəfə xarici ticarət qanununda dəyişikliklər nəzərdən keçirir. Təklif edilən düzəlişlər Pekinə milli suverenliyə və təhlükəsizliyə təhdid hesab edilən xarici şirkət və qurumlara qarşı ticarət qadağaları və məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verəcək.
Rəsmi şəxslər bu addımı ölkənin xarici ticarəti tənzimləyən hüquqi çərçivəsini müasirləşdirmək istiqamətində vacib mərhələ kimi qiymətləndirirlər. Onların sözlərinə görə, məqsəd iqtisadi açıqlığı milli təhlükəsizlik maraqları ilə balanslaşdırmaqdır.
Ticarət üzrə mütəxəssislər isə hesab edirlər ki, bu qərar artan beynəlxalq təzyiqlərin fonunda qəbul edilir. Çünki son illərdə ölkələr gömrük rüsumları, sanksiyalar və digər ticarət məhdudiyyətlərindən geosiyasi təsir vasitəsi kimi daha çox istifadə etməyə başlayıblar. Çin isə bu dəyişikliklərlə strateji maraqlarını qorumaq üçün daha çevik hüquqi baza yaratmağa çalışır.
Qanuna nəzərdən keçirmə prosesi qlobal miqyasda gömrük baryerlərinin artdığı, ticarət, texnologiya və sərmayə sahələrində mübahisələrin dərinləşdiyi bir vaxtda baş verir. Pekin buna cavab olaraq daxili özünütəminata, texnoloji innovasiyalara və xarici asılılığın azaldılmasına diqqət yetirir. Eyni zamanda Çin, ABŞ-ın tətbiq etdiyi tariflərə qarşı cavab tədbirləri həyata keçirir, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirakçı dövlətlərlə əməkdaşlığı gücləndirir.
Rəsmi məlumatda düzəlişlərin tam məzmunu açıqlanmasa da, ictimaiyyətin rəyinə müraciət olunub. Bu isə hökumətin iqtisadi inkişafla yanaşı, strateji təhlükəsizlik maraqlarını da nəzərə almağa çalışdığını göstərir.
Müşahidəçilər bildirirlər ki, bu islahatlar gələcəkdə Çinin xarici ticarətdə daha qaydalara əsaslanan hüquqi çərçivə qurmasına şərait yarada bilər.
ANEWZ
Güllər Gülhüseynova