Peru Azərbaycanla vizanı ləğv edir
Peru Azərbaycanla viza ləğvi sazişinin bütün pasport kateqoriyalarına şamil edilməsi təşəbbüsü ilə çıxış edib.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, viza rejiminin aradan qaldırılması o deməkdir ki, ölkələr arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir, qarşılıqlı etimad var və onlar tərəfdaş rolunda çıxış edirlər:
"Peru Cənubi Amerikanın önəmli ölkələrindən biridir və Azərbaycanın son dövrlər Cənubi Amerika ilə əlaqələrinin genişlənməsi müsbət bir tendensiyadır. Belə ki, bizim Braziliyanın iqlim dəyişiklikləri ilə bağlı əməkdaşlığımız var. Bu il COP tədbirləri Braziliyada keçiriləcək. Cənubi Amerika ilə əlaqələrin genişləndirilməsi və bu çərçivədə Peru ilə əməkdaşlıq müsbət bir tendensiya hesab olunmalıdır. O ki qaldı viza rejiminin ləğvi ilə bağlı təşəbbüs bu müsbət dəyərləndirilməlidir. Belə ki, viza rejiminin aradan qaldırılması o deməkdir ki, ölkələr arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir, qarşılıqlı etimad var və onlar tərəfdaş rolunda çıxış edirlər. Yəni bu baxımdan Cənubi Amerikada Azərbaycanın əlaqələrinin genişlənməsi önəmli bir hadisədir. O ki qaldı bu təklif Azərbaycan Peru arasındakı iqtisadiyyat, ticarət və turizmə necə təsir edəcək? Əlbəttə, bunun müsbət təsirləri olacaq. Doğrudur, Peru ilə bizim aramızdakı məsafə çox uzaqdır. Amma bütün bunlara baxmayaraq, əlbəttə, dünyanın müxtəlif ölkələri ilə diplomatik, siyasi və iqtisadi əlaqələrin qurulması və bu əlaqələrin inkişaf etdirilməsi faydalı bir prosesdir".
Ekspertin sözlərinə görə, bu münasibətlərin inkişafı, əlbəttə ki, Azərbaycana dividendlər gətirəcək:
"Ən azı Azərbaycanın dünyada tərəfdaşlarının sayının artması baxımından bu, müsbət bir hadisədir, tendensiyadır. Eyni zamanda, bizim iqtisadi əlaqələrimiz, hal hazırda çox da inkişaf etmiş vəziyyətdə deyil. Gələcəkdə bu əlaqələrin inkişafına ciddi təsir edəcək. Turizm məsələsində, əlbəttə, viza rejiminin götürülməsi müsbət təsir göstərən elementlərdəndir. Adətən insanlar səfər etdikləri ölkələrdə viza ilə bağlı sıxıntıların olmamasını istəyirlər. Bütün hallarda bu təşəbbüs müsbət təşəbbüsü hesab edirəm. Azərbaycan tərəfindən də bu, eyni dərəcədə qarşılanacaq".
Aydan Məmmədova