Peşə təhsilində yeni mərhələ: Plan yerlərinin artırılmasının əsas səbəbləri
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, peşə təhsili müəssisələrində plan yerlərinin 33 min 120-yə çatdırılması Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası və işğaldan azad edilən ərazilərin yenidən qurulması siyasətindən irəli gələn hədəflərə əsaslanır.
"Qəbul siyasətində əmək bazarının mövcud və perspektiv tələbləri nəzərə alınaraq rəqəmsal texnologiyalar, xidmət sektoru, sənaye və kənd təsərrüfatı istiqamətlərinə üstünlük verilir. Bu, peşə təhsilinin rolunun və əhəmiyyətinin düzgün qiymətləndirildiyini göstərir. Eyni zamanda gələcəkdə rəqabət qabiliyyəti olan kadrların hazırlanması əsas prioritetlərdən biridir.
Əmək bazarının tələbatına uyğun olaraq qəbul planı əhəmiyyətli dərəcədə artırılıb. Bunun əsas məqsədi ölkə iqtisadiyyatının dörd prioritet istiqaməti üzrə peşəkar kadr hazırlığını gücləndirməkdir. Birinci istiqamət rəqəmsallaşmadır. Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı fonunda bütün təhsil pillələrində olduğu kimi, peşə təhsilində də bu sahə üzrə kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır.
Növbəti istiqamət xidmət sektorudur. Azərbaycanın iqtisadi inkişafı fonunda xidmət sahəsinin genişlənməsi peşəkar mütəxəssislərə olan tələbatı artırır. Digər mühüm istiqamət müasir sənaye, dördüncü istiqamət isə aqrar sektorun inkişafıdır.Qəbul planının genişləndirilməsi və peşə təhsilinə marağın artması göstərir ki, dövlətin bu sahədə həyata keçirdiyi siyasət düzgün və məqsədyönlüdür. Bu siyasətin icrasında iştirak edən qurumların koordinasiyalı fəaliyyəti mühüm nəticələrin əldə olunmasına imkan yaradır.
İqtisadiyyat, informasiya texnologiyaları və xidmət sektoru üzrə qəbul planının 44 faiz təşkil etməsi müsbət göstəricidir. Ən çox yer ayrılan ixtisaslar sırasında aşpaz, bərbər, vizajist, manikür ustası, dərzi, elektrik, əməliyyatçı-mühasib, elektrik qaz qaynaqçısı və kompüterlərin təmiri üzrə texnik ixtisasları yer alır. Bu seçimlər əmək bazarının və rəqəmsal infrastrukturun inkişafından irəli gələn tələbatla bağlıdır".
İlqar Orucov bildirib ki, regionlar üzrə bölgü meyarları da müəyyənləşdirilib:
"Plan yerlərinin 60 faizi regionların, 40 faizi isə Bakı şəhərinin payına düşür. Bu, regional iqtisadi potensial, gələcək inkişaf perspektivləri və yerli məşğulluğun gücləndirilməsi məqsədi ilə aparılıb. Xüsusilə Qarabağ və digər bölgələrdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yerli texniki kadrların hazırlanmasını zəruri edir.
Peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm islahatlar aparılır. Kəmiyyət artımı ilə yanaşı, keyfiyyət standartlarının qorunmasına xüsusi diqqət yetirilir. Müəllim və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilməsi aparılır, onların əməkhaqları artırılır və mütəmadi olaraq müasir istehsalat texnologiyaları üzrə təlimlərə cəlb olunurlar.
Bununla yanaşı, peşə təhsili müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Dövlət Agentliyi tərəfindən təhsil müəssisələri müasir texnoloji avadanlıqlar, simulyatorlar və rəqəmsal dəzgahlarla təmin edilir.Dual təhsil modelinin genişləndirilməsi də mühüm istiqamətlərdən biridir. Təhsil prosesinin effektivliyini artırmaq məqsədilə tələbələr təhsil müddətinin əhəmiyyətli hissəsini tərəfdaş şirkətlərdə real istehsalat prosesində keçirirlər. Bu da onların praktiki bilik və bacarıqlarını artırmaqla yanaşı, gələcək məşğulluq imkanlarını da genişləndirir.
Peşə təhsilinin məzmunu və kurikulumları müasir əmək bazarının tələblərinə uyğun yenilənir, beynəlxalq təcrübənin tətbiqinə üstünlük verilir.Peşə təhsilinə müraciət edən abituriyentləri əvvəlki illərlə müqayisədə daha əlverişli şərtlər gözləyir. Belə ki, dövlət sifarişli yerlərin payı 74 faizə çatdırılıb ki, bu da son dörd ildə 52 faiz artım deməkdir.
Eyni zamanda təhsil səviyyələrinin şaxələndirilməsi istiqamətində işlər davam etdirilir. Gənclər ilk peşə, texniki peşə və mühəndislik sahələrinə yaxın yüksək texniki peşə istiqamətlərini seçə bilirlər. Bundan başqa, müəyyən edilmiş yeddi strateji ixtisas üzrə təhsil alan tələbələr məzun olduqda beynəlxalq səviyyədə tanınan sertifikatlar əldə etmək imkanı qazanırlar. Bu da onların həm ölkə daxilində, həm də xarici şirkətlərdə iş tapmaq imkanlarını artırır.
Bütün qəbul prosesi portal.edu.az üzərindən elektron qaydada həyata keçirilir ki, bu da şəffaflığın və əlçatanlığın təmin edilməsinə xidmət edir".
Süsən Mərdalı qızı