Peskov Putin-Zelenski görüşünün mümkünlüyündən danışıb
Putinlə Zelenski arasında görüş ancaq ekspertlər səviyyəsində hazırlana bilər. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Məsələ ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a bildirib ki,Rusiya rəsmiləri Ukrayna ilə danışıqlar məsələsinə də bütün siyasətləri kimi xüsusi əməliyyat kimi yanaşırlar:
“Yəni danışıqlar müharibəyə son qoymaq üçün deyil, Rusiyanın danışıqlardan imtina etmədiyinin qənaətini yaratmağa xidmət edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlaması da buna xidmət edir. Peskov bir açıqlama ilə çıxış edir və dünya mətbuatı onu müzakirə etməyə başlayır. Halbuki, Rusiya hakimiyyəti müharibəyə son qoyacaq və ədalətli sülhü təmin edəcək danışıqlarda maraqlı deyillər. Ola da bilməzlər. Nəhəng itkilərdən sonra danışıqlar yolu ilə müharibəyə son qoyulsa Kreml müharibəyə nə üçün başladığını izah edə bilməz. Çünki, müharibənin başlaması zamanı qarşıya qoyulan vəzifələrə nail olunmadığı kimi, əks nəticə ilə üzləşib. Müharibəyə başlayarkən Rusiyanın ən əsas vəzifələrindən biri Ukraynanın silahsızlaşdırılması idi. İndi Ukrayna dünyada ən çox hərbləşmiş dövlətlərdən biri, bəlkə də birincisidir. Ona görə Rusiya danışıqlarda maraqlı deyil. Sadəcə olaraq Trampın qorxusundan danışıqlardan imtina edə bilmir. Ona görə zaman-zaman belə açıqlamalarla çıxış edirlər”.
Nəzrin Nəsirova
