Polşa hava məkanını, o cümlədən Varşavadakı əsas hava limanını bağlayıb
Polşanın Baş naziri Donald Tusk hadisə barədə NATO-nun Baş katibi Mark Rutteyə məlumat verib.
Polşa öz hava məkanının bir hissəsini bağlayıb, Varşavadakı ən böyük hava limanından uçuşlar müvəqqəti olaraq dayandırılıb.
“Hökumət qurumları və silahlı qüvvələrin təhlükəsizliyi təmin etmək üçün gördüyü tədbirlər səbəbindən ölkənin bir hissəsində, o cümlədən Şopen Hava Limanı üzərində hava məkanı müvəqqəti olaraq bağlanıb”, – hava limanının “Facebook” səhifəsində dərc olunub.
Mediada yayılan xəbərlərə görə, daha üç hava limanı – Jeşuv, Lublin və Varşava yaxınlığındakı Modlin də müvəqqəti olaraq bağlanıb.
Çərşənbə günü səhər saatlarında respublikanın Silahlı Qüvvələrinin Operativ Komandanlığı ölkənin hava məkanına daxil olmuş bir neçə obyektin – pilotsuz uçuş aparatlarının vurulduğunu açıqlayıb.
Polşanın Baş naziri Donald Tusk hadisə barədə NATO-nun Baş katibi Mark Rutteyə məlumat verib:
“Mən NATO baş katibini hazırkı vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər barədə məlumatlandırdım. Daimi əlaqə saxlayırıq”, – Tusk “X”də yazıb.
Tass
Arzu İbrahimova