00:00:00
Yazar
Admin User
04.09.2025 08:34 109 2 dəq oxuma
Siyasət

Polşa Prezidenti Karol Navrotski ilə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evdə görüşüb

Polşa Prezidenti Karol Navrotski ilə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evdə görüşüb

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Polşa, Şərqi Avropanın ən mühüm dövlətlərindən biri kimi ABŞ üçün vacib tərəfdaş rolunu oynayır.


“ABŞ və Polşa münasibətlərinin bu görüşdən sonra da inkişaf edən xətlər üzrə davam edəcəyi aydın görünür. Onsuz da əvvəlki bütün görüşlərdə iki ölkə arasında əlaqələrin daim qorunması və gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu da başa düşüləndir, çünki qlobal güc mövqelərini itirməmək üçün mübarizə aparan ABŞ, Şərqi Avropadakı maraqlarını təmin etmək üçün bölgənin ən güclü dövlətlərinə ehtiyac duyur. Bu baxımdan Polşa, Şərqi Avropanın ən mühüm dövlətlərindən biri kimi ABŞ üçün vacib tərəfdaş rolunu oynayır.


Eyni zamanda, Ukraynaya daşınan silahların əhəmiyyətli hissəsinin Polşa vasitəsilə tranzit olunması da Polşanın ABŞ üçün strateji əhəmiyyətini artırır. Digər tərəfdən, Polşanın özü üçün də ABŞ ilə münasibətləri inkişaf etdirmək həyati vacibdir. Çünki bu ölkə ciddi regional risklərlə üz-üzədir və həmin risklərin başında Rusiya dayanır. Rusiyanın yaratdığı təhdidləri tarazlaya biləcək, Polşanı gücləndirə və müdafiə edə biləcək yeganə tərəfdaş demək olar ki, ABŞ-dir. Buna görə də iki tərəf arasında əməkdaşlığın davamlı olaraq inkişaf edəcəyini proqnozlaşdırmaq mümkündür.


Lakin ABŞ–Polşa tərəfdaşlığının Çin və Rusiya münasibətlərinin qarşısını almaq baxımından xüsusi əhəmiyyət kəsb etmədiyini qeyd etmək lazımdır. Çünki Polşa əsasən ABŞ-nin Rusiya siyasətində təsir göstərə bilər, amma Çinlə bağlı siyasətdə onun rolunun nə qədər effektiv olacağı sual altındadır. Üstəlik, Çinin hərbi, siyasi və iqtisadi yüksəlişi qarşısında Polşanın məhdud imkanlara malik olması, ABŞ–Polşa münasibətlərinin Rusiya–Çin münasibətlərinə təsir gücünü zəiflədir. Bununla belə, sırf Rusiya məsələsində Polşa ABŞ üçün çox etibarlı tərəfdaş ola bilər.


Son məsələyə gəldikdə isə, məlumdur ki, Şərqi Avropada Rusiyanın imperialist iddiaları mövcuddur və Moskvanın hədəfi bölgədə hegemon mövqe qazanmaqdır. Əgər Rusiya Ukraynanı məğlub etsə, bundan sonra onun qarşısında ciddi maneə qalmayacaq. Məhz buna görə ABŞ–Polşa tərəfdaşlığı bölgədəki bu riskləri sığortalamağa yönəlib. Bu baxımdan ABŞ və Polşanın əsas məqsədlərindən biri Ukraynanın qalib gəlməsini təmin etməkdir”.


Şehrin Musayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər