Prezident İlham Əliyev Çinə işgüzar səhər edib
Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Məsələ ilə bağlı politoloq Zuriyə Qarayeva "informator.az"a müsahibəsində bildirib ki,əvvəllər dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulan diplomatik əlaqələr bu gün hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
"Prezident İlham Əliyevin Çinə son işgüzar səfəri də bu prosesin davamı olaraq ikitərəfli əlaqələrin dərinləşdirilməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və regional sabitliyin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Səfər çərçivəsində aparılan müzakirələr təkcə siyasi dialoqu deyil, həm də iqtisadi, enerji, nəqliyyat, innovasiya və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsini əhatə edib. “Bir kəmər, bir yol” təşəbbüsü kontekstində Azərbaycanın Orta Dəhliz üzərindəki tranzit imkanları, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt limanı kimi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb. Bu, Azərbaycanın regionda mühüm logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir və Çinin Avropa bazarlarına çıxışında ölkəmizin rolunu artırır".
Həmçinin ekspert bildirir ki, görüşlər zamanı Azərbaycanın sülh gündəliyi və beynəlxalq hüquqa əsaslanan mövqeyi də diqqət mərkəzində olub:
"Çin tərəfinin Vaşinqton Bəyannaməsinə dəstək verməsi, Azərbaycanın Cənubi Qafqazda sabitlik və əməkdaşlıq yaratmaq istiqamətindəki siyasətinin beynəlxalq səviyyədə tanındığını göstərib. Bu, Azərbaycanın həm regiondakı təşəbbüslərinin, həm də qlobal diplomatik xəttinin gücləndiyini sübut edir.Ümumilikdə, İlham Əliyevin Çin səfəri iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, Azərbaycanın beynəlxalq siyasətdə nüfuzunu artıran strateji addım kimi dəyərləndirilə bilər. Bu səfər nəticəsində Azərbaycan həm regional iqtisadi layihələrdə, həm də qlobal miqyasda əməkdaşlıq formatlarında daha fəal və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib ".
Gülcan Salahova