00:00:00
Yazar
Admin User
01.10.2025 18:09 125 2 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev Sercio Mattarella ilə təkbətək görüşdə olub

Prezident İlham Əliyev Sercio Mattarella ilə təkbətək görüşdə olub

 

Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi qiymətləndirilib.

 

Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycan və İtaliya arasında həm də iqtisadi əlaqələr güclüdür:

 

"Azərbaycan ilə İtaliya arasında mövcud olan münasibətlər əsasən iqtisadi əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlıq günü-gündən genişlənir. İtaliya, Avropa İttifaqı daxilində Azərbaycanın mühüm tərəfdaşlarından biri hesab olunur. Azərbaycan bir sıra İtaliya layihələrində, o cümlədən mədəniyyət sahəsində fəal iştirak edib. Xüsusilə Heydər Əliyev Fondunun İtaliyadakı tarixi kilsələrin bərpasında iştirakı İtaliya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və müsbət qarşılanıb.

Bundan əlavə, İtaliya İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verən ilk Avropa ölkələrindən biri olub. Bu dost münasibət Azərbaycan tərəfindən daim dəyərləndirilir və qarşılıqlı əməkdaşlığa xüsusi önəm verilir. Eyni zamanda, Azərbaycan İtaliyadan müasir silah və hərbi texnika alan ölkələr arasında yer alır ki, bu da təhlükəsizlik sahəsində əməkdaşlığın göstəricisidir.İtaliya Prezidentinin Azərbaycana səfəri bu münasibətlərin təsadüfi deyil, strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışı və universitetin qarşısında salınan park bu əməkdaşlığın simvolik ifadəsidir. Bu təşəbbüslər Azərbaycanın İtaliya ilə yalnız iqtisadi deyil, təhsil və mədəni sahələrdə də sıx əməkdaşlıq etdiyini göstərir.

Energetika, infrastruktur, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq son illərdə daha da dərinləşib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə münasibətlər daim inkişaf edib, hər il yeni əməkdaşlıq sazişləri imzalanır. Bu da tərəflər arasında etimada əsaslanan tərəfdaşlığın bariz nümunəsidir.

Gələcək baxımından da İtaliya-Azərbaycan münasibətlərinin daha da möhkəmlənəcəyi gözlənilir. Hər iki ölkənin hökumətləri bu əlaqələrə strateji önəm verir və qarşılıqlı dəstək siyasəti yürüdür. Azərbaycan da xarici siyasətində İtaliyanı hər zaman vacib tərəfdaş kimi ön planda saxlayır.Bütün bunları ümumiləşdirərək demək olar ki, İtaliya Azərbaycanın beynəlxalq mövqelərinin müdafiəsində, beynəlxalq platformalarda dəstəklənməsində mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan da İtaliya üçün vacib məsələlərdə dost mövqe nümayiş etdirib. Bu qarşılıqlı dəstək hər bir dövlət üçün strateji və mənəvi baxımdan olduqca əhəmiyyətlidir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər