Prezident İlham Əliyevin doğum günü: siyasi liderliyin əsas mərhələləri
Bu gün Prezident İlham Əliyevin doğum günü qeyd olunur. Onun rəhbərliyi dövründə Azərbaycan daxili siyasi sabitliyi möhkəmləndirib, regional və beynəlxalq arenada mövqelərini gücləndirib.
Mövzu ilə bağlı Milli Məclisin Deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan, postkonflikt məkanında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkədir:
“Qeyd etmək lazımdır ki, 200 illik tarixdə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız məğlubiyyətdən qalibiyyətə yüksəlib. Bu gün Prezidentin formalaşdırdığı siyasi düzən Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirib. Azərbaycan regionda söz sahibi olan əsas ölkələrdən birinə çevrilib. İlham Əliyevin siyasi irsi gələcək nəsillər üçün örnək olmaqla yanaşı, həm diplomatik qabiliyyəti, həm də hərb meydanında qəbul etdiyi düzgün qərarlarla seçilir. Eyni zamanda iqtisadi sahədə atılan məqsədyönlü addımlar ölkənin davamlı inkişafını təmin edib. Qarabağ və Şərqi Zəngəzuru azad edən gənclər, ümummilli lider Heydər Əliyev məktəbinin və cənab Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir. Məhz bu idarəçiliyin nəticəsidir ki, Azərbaycan öz torpaqlarını azad edib və xalqımıza bu böyük Zəfəri yaşadıb. Son 22 ildə Prezidentin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 4 dəfə artıb. Qlobal iqtisadi artım 2,9 dəfə olduğu halda, bu rəqəm Azərbaycanda təxminən 100%-lik üstünlük təşkil edir. Xarici ticarət dövriyyəsi 11 dəfə artıb ki, bu da qlobal göstəricilərlə müqayisədə 3,6 dəfə çoxdur. Dövlət büdcəsinin gəlirləri isə 30 dəfə artıb.
Bütün bu makroiqtisadi və sosial göstəricilər onu göstərir ki, Azərbaycan son 22 ildə fərqli və dayanıqlı inkişaf yolunu seçib. Növbəti illərdə də cənab Prezidentin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq. Regional sabitliyin qorunması, Cənubi Qafqazda sülh gündəminin təşviqi və əməkdaşlığa verdiyimiz töhfələr göstərir ki, yaxın gələcəkdə daha da güclü və inkişaf etmiş Azərbaycanı görəcəyik”.
Mələk Hüseynova
