Prezident sərəncam imzalayıb
Masallı rayonunun Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.
Mövzu ilə əlaqədar Millət Vəkili Göydəniz Qəhrəmanov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla Masallı rayonunda Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri üçün vəsaitin ayrılması təkcə həmin yaşayış məntəqələrinin sosial rifahı baxımından deyil, həm də Masallının və ətraf rayonların gələcək inkişafı və turizm potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır:
“Yol infrastrukturu regionların inkişafında həlledici amillərdən biridir. Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması əhali üçün gündəlik rahatlığı təmin etməklə yanaşı, iqtisadi fəaliyyətin, sahibkarlığın və turizmin canlanmasına səbəb olur.Masallı Azərbaycanın cənub bölgəsinin təbii-coğrafi imkanları ilə seçilən rayonlarından biridir. Rayon müalicəvi mineral suları, sanatoriya və istirahət mərkəzləri, zəngin folklor və mədəniyyət nümunələri, eləcə də kənd həyatını əks etdirən ekoturizm potensialı ilə ölkəmizin turizm xəritəsində mühüm mövqeyə malikdir. Yeni sərəncamla təmir ediləcək yol Masallının dağlıq və kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqələrini rayon mərkəzinə birləşdirəcək, turistlərin rahat gediş-gəlişinə şərait yaradacaq, yerli əhalinin kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq imkanlarını genişləndirəcək.Turizm baxımından bu yolun istifadəyə verilməsi Masallının məşhur istisu bulaqlarına, meşə massivlərinə, kənd evlərinə və digər təbii istirahət məkanlarına çıxışı daha əlverişli edəcək. Nəticədə ekoturizm, aqroturizm və kənd turizmi sahəsində yeni təşəbbüslər yaranacaq, bölgəyə gələn turistlərin sayında artım müşahidə olunacaq. Bu, öz növbəsində xidmət sektorunun inkişafına, yeni restoran, istirahət məkanları və otellərin açılmasına gətirib çıxaracaq”.
Səadət Əlizadə