Prezidentin diplomatik uğuru
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, sülh gündəliyini də irəli daşıyıb. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində hərbi meydanda əldə olunan zəfər danışıqlar masasında da üstünlüyə çevrilərək, bölgədə dayanıqlı sülhün bərqərar olunmasına xidmət edir.
Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, siyasi tarixin təhlili göstərir ki, əgər hərbi meydanda əldə edilən zəfər diplomatik masada tamamlanmırsa, bu, natamam qələbə sayılır:
“Azərbaycan isə 44 günlük müharibədə qazandığı tarixi uğuru diplomatik müstəvidə də tamamlaya bilib”.
Hikmət Babaoğlu qeyd edib ki, tarixən 200 ilə yaxın davam edən və Cənubi Qafqaz regionunda müxtəlif güc mərkəzlərinin imperialist maraqlarının toqquşduğu bir mühitdə belə bir diplomatik nəticə əldə etmək, şübhəsiz ki, olduqca çətin görünüb.Lakin bu uğur təsadüfi olmayıb.
Əvvəla, Azərbaycanın yaratdığı yeni reallıq regionda güc balansını dəyişdirib. Xaricdən bölgəyə müdaxilə edərək onu nəzarətə götürmək istəyən dövlətlərin təsir imkanlarını və təzyiq mexanizmlərini əlindən alıb, regionda Azərbaycanın iradəsini və gücünü ön plana çıxarıb. Bu reallıqla barışmaq isə dünya siyasətini yönləndirən ölkələr üçün asan olmayıb. Buna görə Azərbaycan yenidən mübarizə aparmalı olub. Bu dəfə mübarizə hərbi yox, informasiya və diplomatiya müstəvisində gedib.
Nəhayət, 2020-ci ilin noyabrında əldə olunan tarixi qələbə, 2025-ci ilin 8 avqustunda Vaşinqtonda, dünyanın ən nüfuzlu diplomatik məkanında rəsmi şəkildə təsdiqlənib. Bu, Azərbaycanın haqq səsinin qlobal səviyyədə tanınması deməkdir”.
Politoloq açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti Kəlbəcərdə məcburi köçkünlərin qayıdışı ilə bağlı keçirilən tədbirdə çıxış edərək vurğulayıb ki, artıq region üçün real təhlükə yoxdur:
“Çünki Azərbaycan müharibədən dərhal sonra irəli sürdüyü prinsipləri diplomatik masada qəbul etdirməyə nail olub. Sadəcə onların imzalanaraq rəsmiləşdirilməsi qalırdı.
Bu isə region üçün yeni iqtisadi, inteqrasiya və inkişaf perspektivləri yaradır ki, şübhəsiz, bundan sonra dinc dövrdə bütün bu imkanlar Azərbaycana böyük üstünlüklər qazandıracaq”.
Hikmət Babaoğlu son olaraq açıqlamasına əlavə edib ki, əldə olunan bu tarixi nailiyyətin əsaslarını təhlil etdikdə isə burada ilk növbədə Azərbaycan Prezidentinin fəaliyyəti, cəsarəti və uzaqgörənliyi ön plana çıxır:
“Nəticə etibarilə, uzun illər ölkəni olduqca çətin vəziyyətə salmış, beynəlxalq mexanizmlərin belə həll edə bilmədiyi, mürəkkəb və çoxqatlı bir problemin birbaşa, təkbaşına, xalqın və dövlətin iradəsi ilə həll ediləcəyi əvvəl mümkün görünməyib. Əslində, Azərbaycan Prezidenti həll olunması mümkünsüz kimi görünən iki əsrlik problemi bir dəfəlik həll etməyi bacarıb”.
Ləman Mahmudlu