00:00:00
Yazar
Admin User
30.08.2023 09:40 354 2 dəq oxuma
Dünya

PRİQOJİNDƏN SONRA HƏDƏF KADIROV OLACAQ?

PRİQOJİNDƏN SONRA HƏDƏF KADIROV OLACAQ?

  “Vaqner” hərbi qrupunun rəhbəri Yevgeni Priqojinin ölümündən sonra hədəf Çeçenistan rəhbəri Ramzan Kadırov ola bilər. Bu barədə Rusiya informasiya mənbələrində məlumatlar dolaşır. Bildirilir ki, bu gün Kadırov Rusiya dövlətçiliyinin və dövlət strukturlarının əsas rəqibidir.

   Priqojinin ölümündən sonra bir sıra çəkişmələrlə bağlı müəyyən məlumatlar yayılmağa başlayıb. Rusiya siyasi elitasında hesablaşmaların başladığı iddialarını səsləndirənlər növbəti hədəfin Kadırov olduğunu güman edirlər. Çünki Priqojin kimi onun da güclü təlimatlandırılmış şəxsi ordusu var. Priqojin kimi Kadırovun da Putinlə şəxsi münasibətləri yüksək səviyyədədir və o da müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimova qarşı cidd ittihamlar irəli sürüb. Hərbi ekspert Elxan Şıxəliyevin fikrincə, həqiqətən də hazırda Kremldə bir çox siyasətçi və qurum rəhbərləri Kadırovu təhlükə hesab edirlər. Onlar indi də Kadırovun Kremlə qarşı çıxa biləcəyindən ehtiyatlanırlar. “Qalibiyyət olan zaman onu mənimsəyən çox olur. Amma uğursuzluq olanda Rusiya kimi ölkədə günahkarlar axtarışına çıxılır. Adətən məğlubiyyətlər yetim olduğu üçün günahkarlar təyin olunur. Ukrayna-Rusiya müharibəsi fonunda məsələlər Rusiyanın istədiyi kimi həll olunmadığı üçün günahkarların müəyyən edilməsi və cəzalandırması kimi məsələlərin yaranması normal haldır”.

   Bəzi ekspertlər müəyyən hərbi gücə sahib olan Çeçenistanın müstəqilliyə can atmasının müşahidə olunduğu fikrindədirlər. Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu fikir Rusiyada hakim dairələrin narahatlığına səbəb olur. Rusiya-Ukrayna müharibəsinin gedişi isə Kadırovun taleyini həll edə bilər. “Bütün proseslər Ukraynadakı hadisələrdən asılı olacaq. Rusiya Ukraynada hərbi məğlubiyyətə uğrasa, əlbəttə, Kadırovun taleyi müəmmalı olacaq. Çünki o yenidən Rusiya Müdafiə Nazirliyinin rəhbərlərinə qarşı hədələyici tonda çıxışlar edəcək Priqojin kimi. Mən istisna etmirəm ki, Kadırova da qarşı müəyyən sui-qəsdlər təşkil edilə bilər”.

Lakin əksər siyasi şərhçilər Vladimir Putinin hakimiyyətdə olduğu müddətdə Kadırovun qiyam qaldırması ehtimallarının az olduğunu bildirirlər. Digər tərəfdən isə Priqojinin ölümündə Qərbi günahlandıranlar da var. Elə bu ehtimalda da Kadırovun yenə də hədəfdə olduğu bildirilir. Bu onunla əsaslandırılır ki, Priqojin və Kadırov Ukraynaya qarşı mübarizədə iştirak etdiyindən Kiyev bunu qisas məqsədilə edə bilər. Yəni Qərb ölkələri Putinin hərbi gücünü zəiflətmək üçün belə bir addımı ata bilər.

AYSU

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər