Putin: ABŞ-nin “Tomahawk” qərarı Moskva-Vaşinqton münasibətlərini məhv edə bilər
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-nin Ukraynaya “Tomahawk” raketləri verməsi Moskva ilə Vaşinqton arasında yaranmış müsbət tendensiyaları tamamilə məhv edə bilər. Onun sözlərinə görə, vəziyyətin necə inkişaf edəcəyi təkcə Rusiyadan asılı deyil.
Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, əgər Ukrayna "Tomahawk”lar əldə etsə, yəqin ki, onları Rusiyanın arxa cəbhəsindəki komanda məntəqələrinə, sursat anbarlarına və hərbi istehsal meydançalarına yönəldəcək:
“Kiyevə "Tomahawk" raketlərlə Rusiyanın dərinliklərini vurmaq icazəsi verilib. Bu raketlərlə ukraynalılar Moskvanın, Sankt-Peterburqun və digər böyük şəhərlərin strateji enerji və infrastruktur obyektlərini sıradan çıxaracaqlar. Qışda istilik olmadan, elektriksiz, nəqliyyatsız qalmış Moskvanı və Rusiyanın digər böyük şəhərlərini göz önündə canlandırmaq çətindir. Tramp administrasiyası bu hesablamalar qarşısında Putini yenidən danışıqlar masasına gətirəcəyinə ümid edir. Kreml artıq Avropaya öz sözünü deyib. Rəsmi şəkildə bildirilib ki, Rusiyaya qarşı istənilən təcavüz qəti şəkildə dəf ediləcək və onlara ən sərt adekvat cavab veriləcək. NATO və Aİ buna şübhə etməməlidir. NATO hərbi bloku Sovetlərə qarşı yaranıb. Qərb Rusiyanın keçmiş müttəfiq respublikalarında yaratdığı silahlı münaqişələrə göz yumub. Amma Moskvanın Ukraynada apardığı müharibənin uzun sürməsi onu öz təhlükəsizliyi barədə də düşünməyə vadar edib. Çünki Rusiya bu müharibədə Şimali Koreya, Çin, İran, Laos, Vyetnamın xidmətlərindən istifadə edir. Ona görə də zaman və şərait ABŞ başda olmaqla, onun NATO və Avropa İttifaqındakı müttəfiqlərinin ayrı-ayrılıqda, blok şəkildə bir-birini müdafiəyə hazır olmasını diktə edir”.
Politoloqun sözlərinə görə, belə ehtimal etmək olar ki, blok həm müharibəyə hazırlaşır, həm də müxtəlif hərbi tədbirləri ilə ona qarşı olanları tutduqları mövqedən çəkindirməyə səy göstərir:
“Son dövrlərə qədər Rusiyadan gələn nüvə təhdidlərinə ABŞ tərəfi daha təmkinlə cavab verir və çalışıblar ki, rusları qıcıqlandırmasınlar. Özlərinin iddialarına görə, məhz bu səbəbdən Ağ Ev Amerika silahları ilə Rusiyanın dərinliklərini vurmağı Ukraynaya qadağan edib. Görünən odur ki, indi vəziyyət dəyişib. ABŞ rəsmiləri bir tərəfdən Rusiyanı nüvə zərbələri ilə təhdid edir, digər tərəfdən Ukraynaya çox təhlükəli uzaqmənzilli raketlər verir, üstəlik, Moskvanı alçaldıcı ifadələrlə psixoloji basqı altına alırlar. Başqa sözlə, ABŞ məqsədli şəkildə Rusiya ilə gərginliyi artırır. Rusiyaya qarşı nüvə təhdidi ciddi sayıla bilməz. Rusiya özü dünyanın ən böyük nüvə arsenallarından birinə sahibdir. Ruslara qarşı nüvə hücumu deyil, əksinə, rusların özünün nüvə silahına əl atması üçün zəmin hazırlanır. Bu iş üçün Ukraynaya veriləcək “Tomahawk” raketləri əsas tətikləyici amil ola bilər. Belə ki, Rusiya-Ukrayna müharibəsində tərəflərdən heç biri ciddi nəticə əldə edə bilmir. Belə vəziyyət Moskva və Kiyevi məcburi sülhə və ya atəşkəsə vadar edə bilər. Kiyevin alacağı yeni raketlər isə vəziyyəti kökündən dəyişəcək”.
Mələk Hüseynova