Putin Azərbaycanla humanitar dinamikanı qoruyacağını bildirib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli humanitar əlaqələrin inkişafında göstərdiyi səyləri yüksək qiymətləndirib.
Mövzu ilə bağlı politoloq İlkin Məmmədkərimov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman balanslı siyasət yürütməyə çalışıb:
“Ümumilikdə, Rusiya–Azərbaycan münasibətlərində uzun müddətli soyuqluqdan sonra Putinin belə bir açıqlama verməsi müsbət bir addım kimi qiymətləndirilə bilər. Lakin bu münasibətlərin yaxınlaşması Qərb və Türkiyənin maraqlarına mənfi təsir göstərəcək səviyyədə deyil. Mən hesab edirəm ki, bu mərhələdə baş verənlər, sadəcə, münasibətlərin normallaşması istiqamətində atılmış ilkin bir addımdır, daha geniş əməkdaşlıqdan danışmaq hələ tezdir. Azərbaycan hər zaman balanslı siyasət yürütməyə çalışıb və digər postsovet ölkələri kimi, Rusiya təsirindən çıxaraq Qərbə inteqrasiyanı hədəfləyib. Lakin hazırkı vəziyyətdə Rusiya ilə münasibətlərdə müəyyən bir istiləşmə sadəcə texniki xarakter daşıyır. Əgər münasibətlərin real şəkildə düzəlməsi istənilirsə, Rusiya ilk növbədə Azərbaycanla bağlı ikili standartlardan imtina etməli, təyyarə qəzası ilə bağlı lazımi addımları atmalı, təzminat məsələsini həll etməlidir. Bu addımlar atılmadığı müddətdə, rəsmi Moskvanın səmimi niyyətindən danışmaq çətindir”.
Politoloq eyni zamanda açıqlamasında bildirib ki, Rusiya ilk növbədə Azərbaycanla bağlı ikili standartlardan imtina etməlidir:
“Azərbaycan Prezidenti də son çıxışlarında açıq şəkildə bildirib ki, münasibətlərin irəliləməsi üçün konkret və səmimi addımlar gözləyirik. Əks halda, münasibətlərdə yaxınlaşma ehtimalı real görünmür”.
Bayramlı Zəri
