Putin Çinə səfər edəcək
Rusiya Prezidenti Vladimir Putin avqustun 31-dən sentyabrın 3-dək Çinə səfər edəcək. Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə, bu, Rusiya lideri üçün nadir hallarda baş verən dörd günlük xarici səfər olacaq.
Səfərin ilk iki günü Tyanjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə həsr olunacaq. Daha sonra Putin Pekinə gedərək Çin lideri Si Cinpinlə görüşəcək və 3 sentyabrda İkinci Dünya müharibəsinin sonunu anma mərasimi çərçivəsində keçiriləcək hərbi parada qatılacaq. Parad zamanı Putin Si Cinpinin sağında, Şimali Koreya lideri Kim Çen In isə solunda əyləşəcək.
Putin səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək. Onların arasında Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkiyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan var. Kim Çen In ilə görüş isə hələ müzakirə olunur.
Rusiya nümayəndə heyətinə Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Andrey Belousov, Mərkəzi Bank rəhbəri Elvira Nabiullina, “Qazprom”un baş direktoru Aleksey Miller və iri bankların rəhbərləri daxil olacaq. Çində “Qazprom”la bağlı üç müqavilənin imzalanacağı gözlənilir.
Moskva ümid edir ki, səfər Rusiya–Çin ticarətində son vaxtlar müşahidə olunan azalma tendensiyasını dəyişəcək.
ANEWZ
Güllər Gülhüseynova