Putin dövrümüzün ən ağır hərbi cinayətkarıdır
Almaniya kansleri Fridrix Merz “Sat.1” telekanalına müsahibəsində bildirib ki, Putin hərbi cinayətkardır. Yəqin ki, bizim dövrümüzün ən ağır hərbi cinayətkarıdır və bunu geniş miqyasda görürük.
Kanslerin sözlərinə görə, Almaniya və ümumilikdə Avropa hərbi cinayətkarlarla necə davranmalı olduğunu qəti şəkildə anlamalıdır.
“Burada heç bir güzəştdən söhbət gedə bilməz”, – o əlavə edib.
Merz həmçinin Rusiyanı Almaniya infrastrukturuna mütəmadi hücumlar təşkil etməkdə və ictimai rəyi manipulyasiya etməyə çalışmaqda ittiham edib. Onun sözlərinə görə, Putin nə NATO-dan, nə də beynəlxalq müqavilələrdən çəkinir.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Merz sərt mövqeyi ilə fərqlənir:
“Merz müxalifətdə olanda belə Rusiyanı tənqid edirdi. Kansler də yenə də sərt mövqeyi ilə fərqlənir və onun dediyi məsələlərdə əslində, həqiqət payı kifayət qədər böyükdür. Söhbət ondan gedir ki, bu gün Rusiya müharibə cinayətləri törədir. Bu gün Ukrayna ərazisində yüzlərlə, minlərlə insan hər gün həyatını itirir. Yəni bunun başqa adı yoxdur. Rusiyanın Ukraynaya hücum etməsi, müharibə etməsi üçün heç bir əsası yoxdur. Heç bir bəhanəsi yoxdur. Sadəcə olaraq, bu, işğalçılıq müharibəsi etməklə yerindən böyük imperiya olmaq və dünyanı idarə edən güclərdən biri kimi qalmaq istəyi ilə bağlıdır. Bu əməllərin də hamısının bir adı var: cinayət. Hərbi cinayət. Ümumiyyətlə, təbii ki, bu gün Putin prezident olduğuna görə Rusiyanın bütün əməllərinə görə məsuliyyəti o daşıyır. Ona görə də, ittihamlar daha çox ona ünvanlanır. Merzin bu açıqlamasına gəldikdə, təbii ki, bu, münasibətləri bir qədər də korlayır. Ümumiyyətlə, elə bir ehtimal var ki, Rusiya-Ukrayna savaşı Rusiyanın Almaniya savaşı ilə yekunlaşacaq. Əslində, Almaniya da, Rusiya da sanki hansısa bir qarşıdurmaya hazırlanırlar. Nəzərə alsaq ki, son vaxtlar Almaniya öz hərbi büdcəsini dəfələrlə artırır, hərbi sənaye kompleksini büyüdür, silah istehsalını çoxaldır, Ukraynaya dəstəyini çoxaldır, bütün bunlar hamısı onu deməyə əsas verir ki, Rusiya və Almaniya qarşıdurması qaçılmazdır. Hətta Merz əvvəlki kansler kimi- Şolts kimi yumşaq danışsa da, yenə bu qarşıdurma qaçılmaz deyil. Bu dövlətlərin üz-üzə gəlmək perspektivi var. Yəni Rusiya da böyük bir formada Avropaya nəzarət etmək istəyir. Onların maraqları da toqquşur. Amma digər tərəfdən, yeni dünya düzəninin formalaşması ilə bağlı Rusiyanın və Almaniyanın üz-üzə gəlməsi, yəqin ki, gerçək olacaq. Daha çox 2027-2028-ci illərdə onların arasında hətta birbaşa müharibənin olması ehtimalını da ekspertlər proqnozlaşdırır. Təbii ki, Putinlə Qərbin qarşıdurması onu deməyə əsas verir ki, biz yenidən Qərb ölkələrinin Rusiyaya qarşı daha mütəşəkkil bir təsir göstərəcəyini görəcəyik. Ukraynanı daha ciddi şəkildə dəstəkləyəcəyini görəcəyik. Düzdür, beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi korlanmalar var. Artıq BMT demək olar ki, təsirsiz bir orqana çevrilib. Müxtəlif yanaşmalar var. Ən əsası odur ki, artıq dünyanın birqütblü dünya olmaqdan çıxdığını görürük. Çoxqütblü bir dünya yaranır, müxtəlif fərqli platformalar yaranır və yəqin ki, bu qarşıdurma bunu da stimullaşdıracaq. Xüsusilə, Şanxay Əməkdaşlıq Təşkilatının son günlər platformalarda bir müstəvi olaraq, bu ayrışmada xüsusi bir çəkiyə sahib olduğunu da görürük. Yəni şərq və qərb bloku arasında ziddiyyətlərin dərinləşməsi, qarşıdurmaların güclənməsi və çoxqütblülüyün getdikcə daha çox olmasını müşahidə edəcəyik”.
Lalə Qurbanlı