00:00:00
Yazar
Admin User
09.10.2025 17:41 103 2 dəq oxuma
Siyasət

Putin MDB sammitində İlham Əliyevlə görüşəcək

Putin MDB sammitində İlham Əliyevlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, görüş zamanı, təbii ki, Rusiya ilə Azərbaycan arasında hazırkı mərhələdə hansı əlaqələrin inkişaf etdirilməsi, hansı məsələlərin koordinasiya olunması kimi mövzular müzakirə oluna bilər:

 

"MDB çərçivəsində münasibətlər, Türk Dövlətləri Təşkilatı ilə Rusiyanın maraqları, bu maraqların toqquşduğu və ya uzlaşdığı məqamlar da gündəmə gələ bilər. Eyni zamanda, Rusiya–Azərbaycan münasibətləri, təyyarə qəzası ilə bağlı məsələlər, Cənubi Qafqaza digər böyük güclərin gəlməsi və Rusiyanın bu regiondakı maraqları da müzakirə oluna bilər. Ümumilikdə, həm geosiyasi məsələlər, həm də dövlətlərarası konkret münasibətlər, o cümlədən Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti, statusu, Rusiyanın Azərbaycandakı və Cənubi Qafqazdakı maraqları, eləcə də Ermənistan–Rusiya münasibətləri kimi mövzular gündəmdə ola bilər. Azərbaycan tərəfinin də müəyyən narazılıqları və inciklikləri mövcuddur. Yəqin ki, bu məsələlər də müzakirə ediləcək. Hazırda Rusiya əvvəlki qədər güclü deyil, əksinə, hər gün bir qədər də zəifləyir".

 

Ekspert həmçinin bunu da bildirib ki, belə bir dövrdə Moskva üçün qonşu dövlətlərlə qarşıdurma arzuolunan deyil:

 

"Rusiya, çox güman ki, Azərbaycanın siyasi və iqtisadi əlaqələrinin bərpasında maraqlı olacaq, xüsusilə Şimal–Cənub Nəqliyyat Dəhlizi Rusiya üçün böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi də müzakirə mövzularından biri ola bilər. Bundan başqa, Azərbaycan və Rusiya arasında iqtisadi dövriyyədə müəyyən artım müşahidə olunur. Lakin əsas problemlərin siyasi müstəvidə cəmləndiyini demək olar. Enerji sektorunda Rusiyanın son vaxtlar üzləşdiyi çətinliklər də müzakirə edilə bilər. Ümumilikdə, əvvəlcədən konkret gündəlik açıqlanmadığı üçün bu mövzular ehtimal xarakteri daşıyır, lakin reallığa ən yaxın ssenarilər kimi dəyərləndirilə bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər