Putin narahat olub, Mişustini Çinə göndərib
Rusiya Ukrayna müharibəsi səbəbilə Qərbdən təcrid olunduqca Çindən asılılığı artır. Baş nazir Mişustin Pekində Si Szinpinlə əməkdaşlığın gücləndirilməsinə dair sənəd imzalayıb. Politoloq Elxan Şahinoğlu bildirib ki, Kreml Çin-ABŞ yaxınlaşmasından narahatdır, buna görə bu səfəri təşkil edib. ABŞ sanksiyaları nəticəsində Çin Rusiya neftinin alışını azaldır.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında qeyd edib ki, Rusiya Baş naziri Mixail Mişustinin Çinə səfəri əslində Moskvanın artan narahatlığının göstəricisidir:
“Ukrayna müharibəsi nəticəsində Qərbdən təcrid olunan Rusiya, iqtisadi və siyasi sabitliyini qorumaq üçün Pekinlə əlaqələrə daha çox ümid bağlayır. Lakin bu münasibətlər bərabər tərəfdaşlıqdan çox, asılılıq modelinə çevrilib. Rusiya Çinə enerji, xammal və geosiyasi dəstək verir, əvəzində texnologiya, investisiya və diplomatik neytrallıq gözləyir. Mişustinin səfəri zamanı imzalanan sənədlər əməkdaşlığı dərinləşdirmək niyyəti daşısa da, bu, faktiki vəziyyəti dəyişmir – Moskva getdikcə Pekinin orbitinə yaxınlaşır. Bu səfərin əsas səbəblərindən biri Kremlin Çin–ABŞ münasibətlərindəki yumşalmanı diqqətlə izləməsidir. Rusiya üçün Çinlə strateji yaxınlıq Qərb təzyiqlərinə qarşı “təhlükəsizlik yastığı” rolunu oynayır. Lakin son aylarda Pekinin Vaşinqtonla dialoqa daha açıq davranması, ABŞ sanksiyalarına görə Rusiya neftinin alışını azaltması Moskvada ciddi narahatlıq yaradıb. Buna görə də Mişustinin səfəri həm münasibətləri bərpa etmək, həm də Çinin dəstəyini möhkəmləndirmək cəhdi kimi dəyərləndirilə bilər”.
Politoloqun sözlərinə görə, nununla belə, Rusiya–Çin münasibətlərində güc nisbəti artıq açıq şəkildə Pekinin xeyrinə dəyişib:
“Çin iqtisadi və texnoloji baxımdan daha üstün mövqedədir və Moskvanı öz maraqlarına uyğun şəkildə yönləndirir. Rusiya isə hərbi və enerji resurslarına əsaslanaraq münasibətləri bərabərləşdirməyə çalışsa da, real güc balansında geri qalır. Bu proses NATO və Qərb üçün müəyyən risklər doğurur, çünki Rusiya və Çin Qərb sistemindən kənar iqtisadi-siyasi platformalar formalaşdırmağa meyillidirlər. Ancaq bu ittifaqın tam strateji müttəfiqliyə çevrilməsi real görünmür – Çin Rusiya ilə yaxınlığı alət kimi istifadə edir, lakin onunla eyni səviyyədə riskə getmir. Nəticə etibarilə, Mişustinin səfəri daha çox Rusiya üçün psixoloji və siyasi əhəmiyyət daşıyır, praktik müstəvidə isə ölkənin Çindən asılılığını bir qədər də dərinləşdirir”.
Mələk Hüseynova
