Putin Tokayevi gözləyir
Rusiya Pezidenti Vladimir Putin noyabrda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin səfərini gözləyir.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həstət “İnformator.az”a açıqlamasında bildirib ki, qardaş ölkə Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayevin Rusiya səfəri qeyri-adi bir şey deyil:
“Təbiidir ki, Qazaxıstan Rusiyayla böyük sərhədi olan, yaxın qonşu bir dövlətdir. Həm daxili siyasətində, həm də xarici siyasətində Rusiyayla bağlı dinamikləri nəzərə almaq məcburiyyətindədir. Ona görə də Qasım-Jomart Tokayev kifayət qədər təmkinli davranır. Onun rəhbərlik etdiyi dövlət də Rusiyayla münasibətlərdə həm ehtiyatlı, həm də diqqətlidir. Yəni, Rusiyanı əsəbləşdirmək, qəzəbləndirmək və ya gərəksiz yerə gərginlik yaratmaq fikrində deyillər. Ona görə də Qasım-Jomart Tokayev qərbin və şərqin münasibətinə baxmayaraq, Rusiyayla münasibətləri qoruyub saxlayır. Eyni zamanda Ukraynanın ərazi bütövlüyü məsələsində mövqeyi aydın və qətiyyətdir. Qardaş Qazaxıstan müasir işğal altında olan Ukrayna torpaqlarını Ukrayna torpağı olaraq tanımağa davam edir. Bu baxımdan mən düşünürəm ki, bu səfər yalnız münasibətlərdə yeni bir mərhələ kimi qiymətləndirilə bilməz. Bu, iki qonşu dövlətin rəhbərlərinin bir araya gəlməsidir”.
Həmçinin şərhçi qeyd edib ki, Tokayev Moskvaya səfər edəcək, Putinlə görüşəcək və ya başqa bir yerdə görüşləri baş tuta bilər:
“Yəni burada qeyri-adi heç nə baş vermir. Qeyd etdiyim kimi, Tokayevin Moskvaya səfəri balanslaşdırılmış siyasətə uyğundur. Ümumiyyətlə, Qazaxıstan müstəqillik illərində davamlı şəkildə balanslı siyasət yürütməyə üstünlük verib. Ona görə də bu gün MDB məkanında Qazaxıstan ümumi daxili məhsul baxımından birinci yerdədir. Əvvəllər Rusiya birinci yerdə olub, amma Qazaxıstan gəldi və Rusiyanı da keçib. Don məlumatlara görə, artıq Qazaxıstanda ümumi adambaşına düşən gəlir, yaxud da ümumi daxili məhsul Rusiyadan üstündür. Bu, yaxşı göstəricidir. Bütün bunlara Qazaxıstan nəyin hesabına nail olub? Əlbəttə ki, balanslaşdırılmış və təmkinli siyasəti nəticəsində. Qırğızıstanda Prezidentlər dəyişdirilib, hakimiyyətlər devrilib, qarşıdurmalar və vətəndaş gərginliyi baş verib. Qazaxıstanda isə bu hallar yaşansa da, o qədər də nəzərə çarpacaq dərəcədə deyil. Yəni hakimiyyət sabitliyi qorunub. Ona görə də ilk olaraq sabitlik təmin edilib. Bərabərində balanslaşdırılmış xarici siyasət də işə yarayıb. Yəni bu Moskva səfəri hazırkı balanslaşdırılmış siyasətə zidd deyil”.
Nurgül Yusifova
