00:00:00
Yazar
Admin User
03.10.2025 19:29 90 2 dəq oxuma
Siyasət

Putin Trampın sözünə birbaşa cavab verməyib, NATO-ya eyham vurub

Putin Trampın sözünə birbaşa cavab verməyib, NATO-ya eyham vurub

Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransındakı çıxışında Ukrayna müharibəsinə qısa toxunaraq ordunun bütün istiqamətlərdə irəlilədiyini bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, Putinin NATO-ya eyhamı Qərblə münasibətlərdə xüsusi dəyişiklik yaratmayacaq:

 

"Bu, yalnız o halda dəyişiklik ola bilərdi ki, Putin NATO haqqında müsbət fikirlər səsləndirsin və bu, yumşalma prosesinin başlanmasına işarə etsin. Hazırda isə Rusiya və NATO Ukraynada faktiki qarşıdurma vəziyyətindədir. Putin NATO-ya düşmən kimi yanaşdığını ifadə edib və bu da gözlənilən idi. NATO, həm qurum olaraq, həm də üzv dövlətlər səviyyəsində bunu əvvəldən bilirdi. Yəni NATO-Rusiya qarşıdurması artıq mövcuddur. Hələlik bu, iki tərəf arasında birbaşa müharibəyə səbəb olmasa da, Ukraynada onların güc nümayişini görürük. Buna görə də Putinin son açıqlaması NATO ilə münasibətlərə ciddi təsir etməyəcək. Əksinə, ola bilsin ki, NATO Rusiyanın yaratdığı təhlükəni daha aydın hiss etsin. Xüsusilə Rusiya sərhədlərinə yaxın NATO ölkələri və bütövlükdə təşkilat hərbi gücünü artırmaq istiqamətində addımlar atsın. Buraya orduların gücləndirilməsi, hərbi-texniki imkanların yaxşılaşdırılması, əlavə maliyyə vəsaitlərinin ayrılması və ordu quruculuğunun intensivləşdirilməsi daxildir. Putinin açıqlamalarından görünür ki, Rusiya artıq müharibəni Ukrayna ilə deyil, NATO ilə apardığını düşünür. Bu səbəbdən də Moskvanın gələcək hərbi əməliyyatları daha çox NATO-ya qarşı mübarizə formatında qurula bilər. Yəni daha çox maliyyə və canlı qüvvə ayrılaraq cəbhədə üstünlük qazanmaq hədəflənəcək".

 

Həmçinin müsahib müharibənin uzanması ilə Rusiyanın daxilində baş verənlər haqqında da danışıb:

 

"Müharibənin uzanmasının Rusiyanın daxilində necə qarşılanacağına gəlincə, son dövrlər mətbuatda yanacaq çatışmazlığı barədə məlumatlar yayılıb. Enerji ixracatçısı olan Rusiya artıq bəzi yanacaq məhsullarını xaricdən almaq ehtiyacını nəzərdən keçirir. Bunun səbəbi iki cür izah oluna bilər ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr və Rusiyanın bütün resurslarını müharibəyə yönəltməsi buna nümunə ola bilər. Bu isə ölkə daxilində bəzi sahələrdə boşluqların yaranmasına gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, ikinci, üçüncü dərəcəli dövlətlər üçün 3–4 il müharibə aparmaq mümkünsüzdür. Amma Rusiya kimi böyük dövlətin uzun illər döyüş aparmaq gücü var. Buna görə də müharibənin ilk illərində Rusiya əvvəlcədən topladığı maddi-texniki resurslardan istifadə edir. Lakin müharibə uzandıqca bu resurslar da tükənəcək. Nəticədə daxildə bir sıra sahələr ikinci plana keçəcək, əsas diqqət isə cəbhəyə yönələcək. Bu isə ölkə daxilində müəyyən məhsul qıtlığına və sosial narazılıqlara yol aça bilər. Hazırda Rusiya xalqı müharibənin ağır nəticələrini tam hiss etmir, çünki hələ genişmiqyaslı iqtisadi böhran başlamayıb. Amma gələcəkdə vəziyyət dəyişərsə, xalq aclıq, məhrumiyyət və iqtisadi çətinliklərlə üzləşə bilər. Xarici tərəfdaşlardan dəstək gəlməsə, bu narazılıqlar daha da arta bilər".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər