Putin: Ukrayna əməliyyatlarının sonu üçün tarix qoyulmayacaq
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada döyüş tapşırıqlarının tamamlanması üçün konkret tarix müəyyən edilməyəcək. O vurğulayıb ki, əsas məqsəd əməliyyatların plan üzrə uğurla yerinə yetirilməsidir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında qeyd edib ki, Rusiyanın Ukrayna ilə müharibədə son tarix müəyyən etməməsi başa düşüləndir :
“ Rusiya hərbi əməliyyatlara başlayanda bu əməliyyatların iki gün çəkəcəyini, daha sonra iki həftə ərzində başa çatacağını bildirib. Amma Ukraynanın dirənişi vəziyyəti dəyişib. Ondan sonra rəsmi Moskva artıq altı aylıq bir dövrdən danışmağa başlayıb. Bu müddət ərzində də nərticə əldə etmək mümkün olmayıb. Odur ki, indi konkret vaxt qoymaqda da çətinlik çəkir. Çünki Rusiya özü də görür ki, cəbhədə irəliləmək artıq demək olar ki, mümkünsüz hala çevrilib.
Əslində Rusiya özü də tez bir zamanda müharibənin dayandırılmasında maraqlıdır. Çünki, hər keçən gün müharibə səbəbilə çoxlu itkilərlə üzləşir. Söhbət təkcə canlı itkilərdən getmir. Putin hakimiyyəti üçün canlı qüvvə itkisi sonuncu dərəcəli məsələdir. Söhbət ölkənin maliyyə imkanlarının zəifləməsindən, hərbi potensialın, silah və texnikanın həcminin aşağı düşməsinədn gedir. Sanksiyalar səbəbilə ölkənin valyuta ehtiyatları hər keçən gün azalır. Öz enerji məhsullarını olduqca aşağı qiymətlərə satmaq məcburiyyəti ilə üzləşib və beynəlxaq birlikdən təcrid olunmaq üzrədir. Odur ki, Rusiya da müharibənin dayanmasını istəyir. Amma bunu nə isə əldə etməklə başa çatdırmaq istəyir. Heç nə əldə etmədən müharibəni dayandırmaq Putin hakimiyyəti üçün ağır nəticələrə səbəb ola bilər. İnsanlara bu qədər itkinin hesabını vermək mümkün olmaz ”.
Politoloqun sözlərinə görə , Rusiya üçün hərbi əməliyyatların tamamlanması işğal altında saxladığı ərazilərin və ya ən azından Donbas ərazisinin Rusiya ərazisi olaraq tanınmasından keçir:
“ Rusiya bildirir ki, Donbasın Rusiya ərazisi olaraq tanınması halında Xerson və Xarkovun işğal altında olan ərazilərindn geri çəkilə bilər. Yəni, başqa sözlə Rusiya işğalı legitimləşdirmək istəyir. Bu isə nə Ukrayna tərəfindən, nə də Kiyevin Qərb tərəfdaşları tərəfindən qəbul olunan deyil. Ona görə də Qərbdə artıq ciddi təzyiqlər olmadan sülh təşəbbüslərinin fayda verməyəcəyi tədricən hər kəs tərəfindən başa düşülür. Dünənə qədər Rusiyaya qarşı sanksiyalara veto qoyan Macarıstan belə növbəti sanksiya paketini bloklamayacağını bəyan edib. Tramp özü də Rusiyanı güzəştlərə məcbur etmək üçün sərt addımların vacibliyini başa düşüb. Yəni, başqa sözlə Putinin mövqeyi Rusiyanın diplomatik manevr imkanlarını tamamilə zəiflədib. İndi əsas məsələ Rusiyanın müharibənin tamamlanması üçün vaxt qoyması yox, Qərb koalisiyasının nə qədər effektiv addımlar atacağı ilə bağlıdır. Lukoyl və Rossneftə tətbiq olunan sanksiyaların ardınca Rusiyanın enerji məhsullarının idxalına dair sərt sanksiyalar tətbiq olunacaqsa və paralel olaraq Ukraynaya müharibəni Rusiyanın daxilinə keçirmək üçün lazım olan trexnika və silah veriləcəksə o zaman Rusiya güzəştlərə getməyə və müharibəni dayandırmağa məcbur olacaq “.
Mələk Hüseynova