Putin Zelenski ilə görüşün məqsədəuyğunluğuna şübhə ilə yanaşır
"Zelenski ilə görüşlərə gəlincə, mən belə görüşləri istisna etməmişəm, bu görüşlərin hər hansı bir mənası varmı?"- deyə Putin bildirib.
Rusiya lideri əlavə edib ki, Zelenski Moskvaya gəlməyə hazırdırsa, görüş baş tutacaq. Putin vurğulayıb ki, bunu ondan ABŞ Prezidenti Donald Tramp istəyib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a bildirib ki, Vladimir Putinin Zelenski ilə görüşün məqsədəuyğunluğuna şübhə ilə yanaşması ilk növbədə Moskvanın Kiyevi müstəqil qərar verən tərəf kimi qəbul etməməsi ilə bağlıdır:
"Kreml hesab edir ki, Ukraynanın siyasi kursu əsasən Qərbin, xüsusən də ABŞ-nin təsiri altındadır və buna görə də birbaşa danışıqlar real nəticə verməyə bilər. Putinin görüş məsələsini ABŞ Prezidenti Donald Trampın istəyinə bağlaması isə siyasi mesaj xarakteri daşıyır. Bu addım həm Zelenskinin Qərbdən asılılığını nümayiş etdirmək, həm də Moskvanın dialoq üçün yalnız böyük güclərin razılığı əsasında addım ata biləcəyini göstərmək məqsədi güdür. Əgər belə görüş baş tutsaydı, Ukrayna münaqişəsinin həlli baxımından dərhal real nəticələr əldə olunması çətin görünürdü. Çünki tərəflərin mövqeləri kifayət qədər sərt və fərqli olaraq qalır. Lakin görüşün özü tərəflər arasında diplomatik kanalların açılması və gərginliyin müəyyən qədər yumşaldılması baxımından simvolik əhəmiyyət daşıya bilərdi".
Fatimə Heydərova