Putin, Zelenskini Moskvada görüşməyə dəvət edib
Rusiya Prezidenti Vladimir Putin, Ukrayna müharibəsi ilə bağlı “tunelin sonunda işıq gördüyünü” bildirərək, Ukrayna Prezidenti Volodimir Zelenskini Moskvaya dəvət edib və onunla görüşməyə hazır olduğunu açıqlayıb.
Rusiya ilə Çin arasında təbii qaz ticarətinə dair əldə olunan razılaşmalardan danışan Putin, belə deyib, “Rus qazının boru kəmərləri ilə Çinə tədarükü illik 100 milyard kubmetrə çata bilər. Dünyanın ən böyük enerji istehlakçısı olan Çin, bazar formuluna əsaslanan qiymətdən qaz alacaq və bu, onun üçün də üstünlük olacaq”.
Putin, Zelenski ilə görüşməyi heç vaxt rədd etmədiyini bildirərək, ABŞ Prezidenti Donald Trampın da ona belə bir görüşün mümkünlüyü barədə sual verdiyini qeyd edib.
Sağduyunun üstün gələcəyi halda Ukrayna məsələsində həll yoluna çatmağın mümkün olduğunu deyən Rusiya lideri bunları əlavə edib:
“Tramp administrasiyası da həll üçün səmimi cəhd göstərir. Məncə, tunelin sonunda müəyyən bir işıq göründü. Gəlin vəziyyətin necə inkişaf edəcəyini izləyək. Əks halda, müəyyən etdiyimiz vəzifələri hərbi yolla həll etməyə məcbur olacağıq”.
TRT XƏBƏR
Nuray Əliyeva